İtaliyada "Azərbaycan gecəsi” keçirilib FOTOLAR

İtaliyada "Azərbaycan gecəsi” keçirilib FOTOLAR

İtaliya Respublikasının Paestum şəhərində keçirilən və Azərbaycan Respublikasının "rəsmi qonaq ölkə" statusu ilə iştirak etdiyi XVII "Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası" (XVII "La Borsa Mediterranea del Turismo Archeologico") çərçivəsində milli mətbəx və musiqimizin təqdimatı ilə "Azərbaycan gecəsi" baş tutub. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, dünyanın müxtəlif ölkələrini təmsil edən 500-dən artıq qonağın iştirak etdiyi gecədə açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin birinci müavini cənab Vaqif Əliyev XVII "Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası"nda Azərbaycan Respublikasının "rəsmi qonaq ölkə" statusu ilə iştirakının onun zəngin irsinin və turizm potensialının təbliği üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmış və bu təşəbbüsün ölkəmizin mədəni mühitinin İtalyan xalqına daha da dərindən aşılanmasına geniş imkan yaratdığını ifadə etdib.

Tədbirə qatılmış digər mötəbər qonaqlardan biri olan Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının Baş katibi cənab Taleb Rifai çıxış edərək, Azərbaycanın zənginliklərindən bəhs etmiş, hər bir şəxsin həyatında bir dəfə də olsa Azərbaycanı ziyarət etməli olduğunu söyləyib. O, Azərbaycana səfərlərinin intensiv xarakter daşıdığını bildirərək, bu ölkədə mütəmadi olaraq turizmin inkişafı üçün atılmış addımları yüksək qiymətləndirdiyini bildirib.

Adıçəkilən şəxslərlə yanaşı gecədə YUNESKO-nun Baş direktorunun xüsusi məsələlər üzrə elçisi, Ərəb regionu üzrə YUNESKO-nun regional ofisinin rəhbəri cənab Munir Buşenaki, Avropa Parlamentinin Mədəniyyət və Təhsil üzrə Komissiyasının sədri xanım Silviya Kostra, Bəhreyn Krallığının mədəniyyət nazirinin müavini Şeyxə Azza Abdulrahman əl Xəlifə, İtaliya Respublikasının Mədəni İrs və Fəaliyyətlər Nazirliyinin Mədəni irs üzrə Baş idarəsinin rəisi xanım Alessandra Franzone və digər şəxslər çıxış edərək ölkəmizin XVII "Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası"nda yüksək səviyyədə iştirak etdiyini vurğulayıblar.

Çıxışlardan sonra gecə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının və məşhur jaz ifaçısı Elçin Şirinov və qrupunun konsert proqramı ilə davam etdirilmiş, Azərbaycan Milli Kulinariya Assosiasiyasının aşbazları tərəfindən milli mətbəximizin ən ləziz təamlarının təqdimatı ilə ziyafət təşkil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə