Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasının "Cahan" zalında Azərbaycanın Özbəkistandakı Səfirliyi və Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə "Özbək-Azərbaycan, Azərbaycan-Özbək danışıq kitabı"nın təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, təqdimat mərasimi Özbəkistan Milli Kitabxanasında keçirilən III Kitabxana-İnformasiya həftəsi çərçivəsində təşkil olunub. Layihənin rəhbəri Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, kitabın tərcüməçiləri özbək alimləri və tərcüməşünasları Nosir Mahmudov, Babaxan Şərif və Rüstəm Cabbarovdur.
Kitabda gündəlik, habelə işgüzar həyatın bütün sahələrini əhatə edən danışıq cümlələri öz əksini tapıb. Kitab geniş əhali kütləsi üçün nəzərdə tutulub.
Mərasimdə yeni nəşr olunmuş "Özbəkistan mətbuatında Azərbaycan mövzusu" kitabı da oxuculara təqdim edilib. Kitabda Azərbaycan haqqında Özbək mətbuatında dərc olunan maraqlı məqalələr öz əksini tapıb.
Təqdimat mərasimində çıxış edən kitabın tərcüməçiləri özbək alimləri Nosir Mahmudov, Babaxan Şərif və Rüstəm Cabbarov danışıq kitabının oxucular və maraqlananlar üçün dəyərli vəsait olduğunu deyib, Azərbaycan Səfirliyinin və Mədəniyyət Mərkəzinin birgə həyata keçirdiyi bu layihəni yüksək qiymətləndiriblər. Onlar iki ölkə arasında mədəni-ədəbi əlaqələrin günü-gündən möhkəmləndiyini, Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatına böyük maraq olduğunu qeyd ediblər.
Təqdimat mərasimində çıxış edən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Səfirliyin birinci katibi Samir Abbasov danışıq kitabının hər iki tərəf üçün faydalı olacağını və kitabın əhəmiyyətindən danışıb. O, bu cür layihənin ilk dəfə olaraq həyata keçirildiyini və gələcəkdə Azərbaycan-Özbək, Özbək-Azərbaycan lüğətinin hazırlanmasının aktual məsələ olduğunu qeyd edib.
Bununla yanaşı təqdimat mərasimində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə göndərilən son zamanlar ölkəmizdə çap edilən kitabların sərgisi da təşkil olunub. Sərgidə Azərbaycan tarixi, dövlətçiliyi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında kitablar, Azərbaycan mədəniyyəti, turizmi, habelə xarici müəlliflərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında kitablar nümayiş etdirilib. Kitablar Özbəkistan oxucuları tərəfindən maraqla qarşılanıb.
Tədbirin sonunda Azərbaycanın Özbəkistandakı Səfirliyi və Səfirliyin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin 2014-cü il üçün elan etdiyi "Özbəkistan mətbuatında Azərbaycan haqqında ilin ən yaxşı məqaləsi müsabiqəsi"nin şərtləri açıqlanıb və bu mövzuda hazırlanmış slayd-şou nümayiş etdirilib.
Mərasimdə Özbəkistan Milli Kitabxanasının əməkdaşları, oxucular, Azərbaycan Səfirliyinin diplomatları, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərləri, tanınmış Özbək mütəxəssislər, tərcüməçilər, yazıçılar iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB