“Yaşa, var ol hər zaman, doğma Vətən – Azərbaycan!”

“Yaşa, var ol hər zaman, doğma Vətən – Azərbaycan!”

Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında dövlət müstəqilliyimizin bərpasının 23-cü ildönümünə həsr olunmuş "Yaşa, var ol hər zaman, doğma Vətən – Azərbaycan!" mövzusunda tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, sərgidə muzeyin direktoru Fəridə Şəmsi çıxış edərək bildirib ki, müstəqilliyimizin bərpasının 23-cü ildönümü münasibətilə muzeyin İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzi ilə birlikdə təşkil etdiyi sərgidə mərkəzin nəzdində fəaliyyət göstərən "Bacarıqlı əllər" rəsm dərnəyinin üzvlərinin 60-dan çox əl işi nümayiş olunur.

Söyləyib ki, muzey həmişə gənc nəsildə vətənpərvərlik hissinin aşılanmasına xidmət edən, əlamətdar günlərə həsr olunmuş tədbirlər keçirir.
Fəridə Şəmsi, həmçinin muzey haqqında məlumat verərək bildirib ki, bu incəsənət ocağı 1991-ci ildən fəaliyyət göstərir.

Tədbirdə İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov, İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzinin direktoru Şəkər Hacıyeva və digər çıxış edənlər Dövlət Müstəqilliyi Günü münasibətilə qonaqları təbrik ediblər.

Bildirilib ki, memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin olduğu müasir müstəqil Azərbaycan Respublikası hər sahədə yeni uğurlar qazanır, onun bir parçası olan İsmayıllı rayonu da sürətlə inkişaf edir.

Tədbir-sərginin iştirakçıları gənclərin istedadlarını nümayiş etdirməyə şərait yaradıqlarına görə muzeyin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə