“Akvarel” rəsm müsabiqəsinin yekun sərgisi

“Akvarel” rəsm müsabiqəsinin yekun sərgisi

"Xətai" Sənət Mərkəzi "Akvarel" rəsm müsabiqəsinin yekun sərgisi keçiriləcək. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və "Xətai Sənət Mərkəzi" 2014-cü ilin iyul ayında da Azərbaycan rəssamlarının yüksək bədii dəyərə malik yeni akvarel əsərlərinin üzə çıxarılması və nümayişi, bu sənətin gələcək inkişafı üçün stimul yaradılması məqsədi ilə rəssamlar arasında akvarel müsabiqəsini elan edib.

Artıq tanınmış rəssamlardan və mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən müsabiqəyə təqdim olunan əsərlərə baxış keçirilmiş və yekun sərgidə nümayiş olunmaq üçün əsərlər seçilib.

Akvarel eramızın 2-ci əsrində Çində kağızın istehsalından sonra meydana çıxıb. Sulu boya texnikasında əsasən kağız üzərində işlənən rəsm əsərləri XII-XIII əsrlərdə İspaniya və İtaliyada, daha sonra digər Avropa ölkələrində geniş vüsət alıb. Sulu boya ilə işləmək özünün mürəkkəbliyi ilə rəssamdan xüsusi istedad və bacarıq tələb edir. Hələ orta əsr miniatür ustaları bu texnikadan xüsusi məharətlə istifadə edirdilər. XX əsr Azərbaycan rəssamlıq sənətində görkəmli rəssamlarımız akvarel texnikasında böyük dəyərə malik olan əsərlər yaradıblar. Təsadüfi deyil ki, 1981-ci ildə Moskvada təşkil olunmuş VI Beynəlxalq Akvarel sərgisində iştirak edən 400-dək rəssamın arasında Azərbaycan rəssamlarının əsərləri də uğurla nümayiş etdirilib. Lakin son illərdə ölkəmizdə bu sahəyə marağın getdikcə azalması müşahidə olunurdu. Halbuki qonşu Türkiyədə vaxtaşırı olaraq, dünyanın ən məşhur rəssamlarının iştirakı ilə beynəlxalq sulu boya sərgiləri, festivalları keçirilir. Hətta 2001-ci ildə tanınmış Meksika rəssamı Alfredo Quati Roxonun təşəbbüsü ilə hər 23 noyabr tarixi Beynəlxalq Akvarel Günü kimi qeyd edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə