Yohannesburq Filarmonik Orkestri növbəti konsert proqramını təqdim edib
Heydər Əliyev Fondunun ən uğurlu layihələrindən biri kimi bütün dünyaya səs salan VI Qəbələ Beynəlxalq Musiqi Festivalı uğurla davam edir. SİA-nın məlumatına görə, iyulun 30-da festivalın proqramına uyğun olaraq Yohannesburq Filarmonik Orkestrinin növbəti konserti olub. "Yulian Raxlin və onun dostları" Beynəlxalq festivalının təşkilatçısı, dünya şöhrətli musiqiçi, UNİCEF-in xoşməramlı səfiri, avstriyalı Yulian Raxlinin dirijorluğu ilə baş tutan konsertdə Yohannesburq Filarmonik Orkestri klassik Avropa bəstəkarlarının əsərlərindən parçalar səsləndirib.
Yerusəlim Simfonik Orkestrinin konsertmeysteri, skripka ifaçısı Janna Qandelman, VI Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbərlərindən biri, dünya şöhrətli məşhur violonçel ifaçısı, "Yeni Rusiya" Dövlət Simfonik Orkestrinin dirijoru Dmitri Yablonski orkestrin müşayiəti ilə V.A.Mosartın simfoniyasını, "Fiqaronun toyu" operasından uvertüranı, eləcə də A.Dvorjakın və digər bəstəkarların əsərlərindən parçalar təqdim ediblər.
Öz mükəmməl ifası ilə dünyada tanınan Yohannesburq Filarmonik Orkestri Azərbaycan tamaşaçılarına və xarici ölkələrdən Qəbələyə gəlmiş turistlərə unudulmaz gecə bəxş edib.
Yohannesburq Simfonik Orkestri 2000-ci ildə yaradılıb. Bu musiqi kollektivi Avropa və ABŞ-ın bir çox şəhərlərində, ən məşhur konsert salonlarında geniş konsert proqramları ilə çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB