Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının yaradıcı kollektivi mövsümün bağlanması münasibətilə mətbuat konfransı keçirib. SİA-nın verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə teatrın direktoru İslam Həsənov açıb: "Son 4 ayda teatrda uzun müddət oynanılmayan tamaşalar bərpa olunub. Həftədə 4 dəfə olmaqla axşam tamaşalarının oynanılması təşkil edilib. Teatrda Mirzə Fətəli Axundzadənin "Molla İbrahimxəlil kimyagər", Əziz Nesinin "Öldür məni, can ciyər", Jan Anuyun "Antiqona" əsərlərini səhnələşdirilib. Bununla da Sumqayıt tamaşaçılarının teatra axını bərpa olunub. Teatrın kollektivi iyulun 6-dan 11 –dək Gürcüstanının Kutaisi şəhərində qostrol səfərində olub. Qonşu ölkədə Con Patrikin "Qocanı öldürməliyik" tamaşası göstərilib, gürcü tamaşaçılarının və sənət adamlarının izlədikləri bu tamaşa çox yüksək dəyərləndirilib. Mövsümün bağlanışı da, məhz bu tamaşa ilə olub. Sumqayıt teatrı öz pərdəsini ilk dəfə 1969-cu il martın 14-də rejissor Cənnət Səlimovanın quruluşunda Azərbaycan dramaturgiyasının banisi M.F.Axundovun "Müsyö Jordan və dərviş Məstəli şah" məzhəkəsi ilə açıb. Yeni teatr mövsümündə kollektiv özünün 45 illik yubileyini təntənəli şəkildə keçirməyi planlaşdırır".
Qeyd edək ki, yeni mövsümdə teatr Nikolay Qoqolun "Çiçikovun səyahəti", Qurban Səidin "Əli və Nino", Şekspirin "Otello", Alber Kamyun "Kaliqula", Harold Pinterin "Sevgili" əsərlərini səhnələşdirməyi, eləcə də bir çox xarici ölkələrdə festivallarda iştirak etməyi və qastrollar planlaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB