“İçərişəhər”də bərpa və konservasiyası işlərinin aparılması davamlı olacaq

“İçərişəhər”də bərpa və konservasiyası işlərinin aparılması davamlı olacaq

İyulun 15-də "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin 2014-cü ilin birinci yarımilliyinin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib. İdarədən bildiriblər ki, tədbiri giriş sözü ilə "İçərişəhər" DTMQİ-nin rəisi Samir Nuriyev açaraq görülən işlərdən, həyata keçirilən layihələrdən və mövcud problemlərdən söz açmışdır.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə "İçərişəhər" DTMQİ-nin bir sıra əməkdaşlarının medal və fəxri adlarla təltif olunmasını minnətdarlıq hissi ilə qeyd edən S.Nuriyev əməkdaşları bir daha təbrik edərək, onlara müvafiq fəxri diplomları və döş nişanlarını təqdim edib.

Təltif olunan əməkdaşlar zəhmətlərinin yüksək qiymətləndirilməsinə görə ölkə başçısına dərin minnətdarlıqlarını bildirib, bundan sonra da çalışdıqları sahələrdə layiqincə fəaliyyət göstərəcəklərini vurğulayıblar.

Sonra Samir Nuriyev 2014-cü ilin birinci yarımilliyində idarənin əsas fəaliyyət istiqamətləri – memarlıq abidələrinin mühafizəsi və bərpası, turizm infrastrukturunun təkmilləşdirilməsi, habelə "İçərişəhər" və "Qala" qoruqlarının beynəlxalq standartların tələblərinə uyğun olaraq idarə olunması məqsədilə həyata keçirilmiş işlərdən danışıb.

İclasda daha sonra idarənin bir sıra rəhbər şəxsləri hesabat məruzəsi ilə çıxış edərək cari ilin birinci yarımilliyində görülmüş işlərdən söhbət açıblar.

İclasın sonunda Samir Nuriyev "İçərişəhər" Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin cari və növbəti illər üçün əsas məqsəd və vəzifələrindən, qarşıda duran hədəflərdən bəhs edib. "İçərişəhər" və "Qala" qoruqlarının tarixi-memarlıq görkəminin qorunmasının milli-mədəni irsimizin təbliğindəki önəmini vurğulayan idarə rəisi bildirib ki, cari ilin qarşıdakı aylarında da dünya və ölkə əhəmiyyətli abidələrdə bərpa və konservasiya işləri idarənin əsas prioritetləri kimi qalacaqdır.

O, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Mehriban Əliyevanın diqqət və qayğısı, mədəni dəyərlərin, o cümlədən zəngin tarixi-memarlıq irsinin qorunması və dünyada təşviqində böyük rolunu xüsusi vurğulayıb.

Sonda idarənin tabeliyindəki qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə