Səmərqənd Dövlət Universitetində “Azərbaycan Mərkəzi” yaradılacaq

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Azərbaycan Səfirliyinin birinci katibi Samir Abbasov Səmərqənd şəhərinə səfər edib. SİA-nın məlumatına görə, səfər müddətində o, regionun ən qədim universiteti olan Səmərqənd Dövlət Universitetində olmuş və bir sıra görüşlər keçirib. Universitetin prorektoru, Beynəlxalq əlaqələr departamentinin rəhbəri Nargiza Abduvaxidovna ilə keçirilən görüşdə bu qocaman təhsil ocağında "Azərbaycan mərkəzinin yaradılması razılaşdırılıb, Mərkəzin yaradılması ilə əlaqədar Azərbaycanın Özbəkistandakı Səfirliyi və Səfirliyin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi tərəfindən lazımi təşkilati köməkliyin göstəriləcəyi bildirilib. S.Abbasov Mərkəzdə yaradılacaq kitabxanaya Azərbaycanın tarixi, dövlətçiliyi, iqtisadiyyatı, mədəniyyəti, ədəbiyyatı, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair kitablar və s. nəşrlər, kinozal üçün Azərbaycan bədii filmləri, sənədli filmləri, Azərbaycan mədəniyyəti guşəsi üçün milli suvenirlər, geyimlər, xalçalar, Azərbaycan tarixi guşəsi üçün dövlətçilik tarixinə dair materiallar, Azərbaycan şəhərləri, dövlət xadimləri, şairləri, tanınmış şəxsiyyələri, tarixi faktlara dair şəkillər və ən qədim dövrlərdən müasir dövrədək Azərbaycanın yerləşdiyi regionun və ölkəmizin xəritələrinin hədiyyə olunacağını söyləyib. Görüş zamanı Səmərqənd Dövlət Universiteti ilə Azərbaycan Universitetləri arasında əməkdaşlıq əlaqələrinin yaradılması və birgə layihələrin həyata keçirilməsi müzakirə olunub. Səmərqənd Dövlət Universitetində 11 fakültə fəaliyyət göstərir ki, burada 9100-dən artıq tələbə təhsil alır. Universitet bir sıra beynəlxalq layihələrdə, YUNESKO-nun Orta Asiya regionu üzrə proqramlarını icra edir və Avropa Birliyinin "Tempus" proqramını həyata keçirir.

Səmərqənd şəhərinə səfər müddətində S.Abbasov Orta Asiyada tanınmış azərbaycanlı mütəfəkkir, mətbuat xadimi, Özbəkistanda ilk teatrın əsasını qoyan, naşir Seyid Rza Əlizadənin Səmərqənddəki ev muzeyində olub. Seyid Rza Əlizadənin nəvəsi, araşdırmaçı Fərxad Əlizadə ilə görüşdə Muzeyin gələcək fəaliyyəti və Seyid Rza Əlizadə irsinin araşdırılmasının davam etdirilməsi, aşkar edilmiş yeni eksponatların nümayişi, habelə Muzeyin Səmərqənddəki digər tarixi abidələr kimi turizm marşurutuna daxil edilməsi məsələləri müzakirə edilmişdir.

Mədəniyyət Mərkəzinin direktoru Səmərqənddəki Afrosiab Dövlət Tarixi Muzey-Qoruğunda da olub, Muzeyin direktoru Samariddin Mustafakulovla görüş keçirib. Görüşdə Orta Asiyanın ən böyük və zəngin Afrosiab Muzeyi ilə Azərbaycan muzeyləri arasında əməkdaşlıq əlaqələrinin yaradılması və birgə elmi tədqiqatların aparılması məsələləri müzakirə olunub. Görüş zamanı Səmərqənddə təşkil olunacaq "Xalqların tarixi və adət-ənənələri" muzeyində Azərbaycan bölməsinin yaradılması məsələsi də razılaşdırılmışdır. Afrosiab Muzey-Qoruğu Səmərqənd şəhərində 219 hektarlıq qədim insan yaşayış məskənində təşkil olunmuşdur. Qoruqda 8 muzey, 2 ibadətgah, 6 tarixi abidə vardır və Muzeyin fondunda 211000-dən artıq eksponat saxlanılır. Muzeyə ildə 1 milyona yaxın ziyarətçi gəlir ki, onların da əksəriyyəti Avropalılar, Yaponiya və Cənubi Koreyalalardır.

Bütün xəbərlər Facebook səhifəmizdə