“Saz və balabanı erməni mənimsəməsindən qoruyaq” FOTOLAR

“Saz və balabanı erməni mənimsəməsindən qoruyaq” FOTOLAR

Prezident yanında QHT- lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin icra etdiyi "Saz və balabanı Azərbaycan xalqının milli musiqi aləti kimi erməni mənimsəməsindən qoruyaq" adlı layihə çərçivəsində Gəncə, Göygöl və Şamaxıda tədbirlər keçirilib. Bu barədə Birliyin sədr müavini Həbib Misirovun SİA-ya verdiyi məlumata görə, məqsəd xalqımızın milli musiqi aləti olan saz və balabanın ermənilər tərəfindən mənimsənilməsi cəhdlərinə qarşı mübarizə aparmaq və onların Azərbaycan xalqına mənsub musiqi alətləri olduğunu isbatlayan tədbirlər həyata keçirmək məqsədi ilə keçirilən layihə çərçivəsində bölgələrdə görüşlər təşkil olunub.

Təlimlərdə çıxış edən Həbib Misirov dinləyicilərə aşıq sənətinin sirlərini aşılayıb, ermənilərlə aparılan informasiya müharibəsində saz və balabanın təbliğinin artırılması əhəmiyyətindən və bunun üçün görülməli işlərdən danışıb: "Əsrlər boyu ermənilər xalqımıza qarşı soyqırım siyasəti həyata keçiriblər. Həmçinin mədəniyyətimizi də zaman-zaman öz adlarına çıxıblar. Bu gün də ermənilər xalqımızın qədim musiqi aləti olan saz və balabanda gözləri var. Ona görə də bugünkü gənclərimiz vətənə bağlı olmalı, vətənpərvər və milli ruhda böyüməlidirlər. Gənclərimizə ozan- aşıq sənətinin sirləri aşılanmalı, saz və balaban tanıdılmalıdır. Kifayət qədər bilikli və məlumatlı olan gənclərimiz milli mənəvi dəyərlərimizin beynəlxalq arenada təbliğində uğurla iştirak edə biləcəklər. Bu dəyərləndirmələr Azərbaycan dövlətçilik düşüncəsinin mövqeyidir. Ulu Öndər Heydər Əliyevin mədəniyyət strategiyası bu gün onun layiqli davamçısı İlham Əliyevin sayəsində uğurla davam etdirilir. Ölkənin 1-ci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın sayəsində aşıq sənəti YUNESKO-nun siyahısına daxil olub. Biz inanırıq ki, digər milli-mənəvi sərvətlərimizlə yanaşı saz və balabanın da ermənilər tərəfindən mənimsənilməsinə yol verilməyəcək". Həbib Misirov qeyd edib ki, türk soylu xalqlar dünya sivilizasiyasına ən çox töhvələr vermiş xalqlardandır: "Zəngin musiqi mədəniyyətinə sahib bu xalqlar, eyni zamanda ictimai-mədəni həyatlarında musiqi alətlərinə də geniş yer veriblər. Türk və Şərq dünyasında tarix sürəcində geniş bir şəkildə istifadə olunan bir çox xalq çalğı alətləri, onların ictimai həyatda rolu və əhəmiyyəti, geniş potensial –estetik imkanları diqqət mərkəzində olub. Musiqi alətləri hər bir xalqın mənəvi mədəniyyətinin ayrılmaz hissəsidir. Xalqın ictimai- mədəni həyatında baş verən saysız - hesabsız və müxtəlif məzmuna sahib mərasimlərində, bu sırada bayramlarında, şənliklərində, toy mərasimlərində, hətta bəzi bölgələrdə matəm mərasimlərində belə musiqinin səsləndirilməsinə şahid ola bilərik. Musiqi dediyimiz zaman isə mütləq onun canlı olaraq səsləndirilməsini reallaşdıran, onu geniş dinləyici kütləsinə çatdıra bilən musiqi alətlərini nəzərə almalı oluruq. Unutmamaq lazımdır ki, musiqi yalnız səsləndirildiği zaman öz estetik təravətini, emosional təsir gücünü ifadə etmiş olur. Burada bu və ya digər çalğı alətlərinin yeri, rolu, diyapazon genişliyi, tembr xüsusiyyətləri, bir-biriləri ilə ahəng saxlaya bilməsi kimi önəmli xüsusiyyətlər böyük əhəmiyyət daşımaqdadır. Müasir professional musiqi mədəniyyətində, daha doğrusu simfonik orkestrdə bir çox müasir çalğı alətlərinin iştirak etməsini söyləyə bilərik. Lakin unutmamaq lazımdır ki, bu alətlərin əksəriyyəti musiqi mədəniyyətinə heç də bizim hal-hazırda gördüyümüz şəkildə daxil olmamışdır. Bu çalğı alətlərinin tarixi inkişaf prosesinə diqqət etsək bir daha onların ən keçmişə təməllənən xalq çalğı alətləri ilə olan "genetik" əlaqəsini görə bilərik. Aşıqlıq sənəti məhz bu azman sənətkarlar ordusunun potensial yaradıcılıq imkanları ilə zaman-zaman püxtələşib, inkişaf etməsi və zənginləşməsi sayəsində, tədricən saz-söz sənəti sıralarına öncə balabançılar nəsli gəldi ki, bu da sənətkarlar arasında yeni bir təbir: "aşıq-balabanı", "saz balabanı" termini yaratmış oldu. Balabanın sazla qovuşması, balabançının isə aşıqla ünsiyyət tapması bu sənətinin II mərhələsini təşkil edir. Bu görüş, bu təmas saz və balaban ifaçılığına yeni metod, yeni səslənmə gətirməklə hər iki çalğı alətinə dəyərli töhfələr bəxş etmişdir. Qeyd etmək lazımdır ki, balaban ifaçılığında saz havalarının təsiri olduqca böyükdür".

Xatırladaq ki, təlim və seminarlarda bölgələrdən olan aşıqlar, balabançılar, saz və balaban hazırlayan ustalar, gənclər və sadə vətəndaşlar iştirak edib. Saz və balaban ustaları gənclərə hazırladıqları musiqi alətlərinin sirlərini aşılayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə