Hüseyn Cavidin Ev Muzeyinə yeni nadir eksponatlar daxil olub

Hüseyn Cavidin Ev Muzeyinə yeni nadir eksponatlar daxil olub

Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin ev-muzeyinə Hüseyn Cavidin böyük qardaşı və ilk ana dili müəllimi olan Şeyx Məhəmməd Rasizadəyə məxsus 45-dən çox nadir nüsxə kitab daxil olub. Muzeydən SİA-ya verilən məlumata görə, bu kitabların arasında ən qiymətli hesab edilənlərdən biri Hüseyn Cavidin 1916-cı ildə qələmə aldığı "Şeyda" əsərinin 1925-ci ildə "Bakı fəhləsi" mətbəəsində çapdan çıxmış təkrar nəşridir. 62 səhifədən ibarət, əski əlifba ilə çap edilmiş bu əsər muzeyin qiymətli eksponatları sırasına daxil edilib. Bundan başqa, kitabların arasında Salman Mümtazın Hüseyn Cavidə hədiyyə etdiyi Seyid Əhməd Hafiz İsfahaninin "Tərcibənd" toplusu da diqqətəlayiqdir. Kitabın giriş səhifəsində Salman Mümtaz öz əl yazısı ilə qeyd edib: "Zərif, həssas şairimiz Hüseyn Cavid bəy cənablarına töhfeyi-həqiranəmdir. Tiflis, 3 şəvval, 1331."

Quranın təfsiri, şəriət məsələləri, tibbi biliklərə aid və ən müxtəlif mövzularda olan kitabların bir çoxu əsasən XIX-XX əsrlərdə İranda fars və ərəb dillərində çap edilmiş, həmin dövrdə mədrəsə təhsilində istifadə olunub. H.Cavid özü də bu zəngin ailə kitabxanasının istifadəçilərindən biri olub.

Bütün xəbərlər Facebook səhifəmizdə