Nizami Kino Mərkəzində Anjelina Colinin yeni filmi təqdim olunur FOTOLAR

Nizami Kino Mərkəzində Anjelina Colinin yeni filmi təqdim olunur FOTOLAR

Nizami Kino Mərkəzi mayın 29-dan etibarən Linda Vulverton və Co Rinaldinin ssenariləri əsasında rejissor Robert Stromberqin ekranlaşdırdığı "Malefisenta" və Nikolas Stollerin "Qonşular" filmlərinin nümayişinə başlayıb. Mərkəzdən SİA-ya verilən məlumata görə, ailəvi,fentezi, döyüş və melodram janrında çəkilmiş "Malefisenta" filmini tamaşaçılar türk dilində 3 D formatında izləyə biləcəklər.

Nağıl məxluqlarının əhatəsində meşədə yaşayan gözəl, təmiz ürəkli Malefisenta adlı sehirbaz qız çox sakit həyat tərzi keçirir. Günlərin birində meşəyə daxil olan insanlar oranı darmadağın edirlər . Ona xəyanət edilir və Malefisentanın yumşaq qəlbi daşa dönməyə başlayır. İntiqam hissi ilə yanan sehirbaz qız qəddar kralın yeni doğulmuş övladı Avroranı lənətləyir. Amma, Avroranın böyüməyini müşahidə edən Malefisenta, ona qarşı etdiyi tilsimə şübhə ilə yanaşmağa başlayır. Çünki, təkcə Avroranın krallığa və meşəyə xoşbəxtlik və əminəmanlığı qaytara biləcəyini başa düşür.

Filmdə Malefisenta rolunu məşhur amerika aktrisası Anjelina Coli canlandırıb.

Növbəti, rejissor Nikolas Stollerin Endrü Koenin ssenarisi əsasında çəkdiyi "Qonşular" filmi komediya janrındadır.

Xoşbəxt ailə arzusunda olan filmin baş qəhrəmanı, onunla bütün həyatını keçirmək istəyən xəyallarının qadını tapır və evlənir. Uşaqları dünyaya gəldikdən sonra həyatları əsil nağıla çevrilir. Həyatlarından tam zövq aldıqları zaman, qonşu binaya tələbə yataqxanası köçür və hər şey dəyişir. Gənc tələbələrin keçirdiyi həyat tərzinin ucbatından ailəli qonşuları ilə aralarında əsil müharibə başlayır.

Dinamika və rəngarəngliyi ilə seçilən bu filmdən tamaşaçılar həzz alacaqlar. Baş rollara ulduzu yeni parlayan Zak Efron, Set Roqen, Rouz Birn, Eliz Varqas və başqaları çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə