Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbi görkəmli Azərbaycan bəstəkarı, Əməkdar İncəsənət Xadimi Zülfüqar Hacıbəyovun 130 illik yubileyinə həsr olunmuş tədbir keçirib. SİA-nın məlumatına görə, Niyazinin mənzil-muzeyində təşkil edilmiş tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova görkəmli bəstəkarın həyat və yaradıcılığı haqqında ətraflı məlumat vermiş, onun Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələrdən danışıb.
Sonra məktəbin şagirdləri tərəfindən bəstəkarın "Aşıq Qərib", "Nüşabə" operalarından fraqmentlər səsləndirilmiş, Zülfüqar Hacıbəyovun Fikrət Əmirov ilə birgə bəstələdiyi "Cəngi" musiqisi ifa edilib. Tədbirdə Zülfüqar Hacıbəyovun oğlu, görkəmli dirijor və bəstəkar Niyazinin "Xoreoqrafiya valsı", "Prelüdiya"sı da səsləndirilib. Həmçinin bəstəkarın oğlu ilə birgə musiqi yazdıqları "Almaz" tammetrajlı bədii filmindən fraqment nümayiş etdirilmiş və musiqi ifa olunub.
Qeyd edək ki, tədbirin sonunda Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin direktoru Nadir Babayev tədbirin təşkilatçılarına və iştirakçılarına, həmçinin muzeyin rəhbərliyinə minnətdarlığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB