Ulu Öndərin doğum günü Şəkidə qeyd olunub

Ulu Öndərin doğum günü Şəkidə qeyd olunub

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü Şəkidə rəngarəng tədbirlərlə qeyd edilib. SİA-nın məlumatına görə, dahi rəhbərin doğum günü münasibətilə Şəkidə keçirilən ümumrayon tədbirinin iştirakçıları əvvəlcə Ulu Öndərin şəhər icra hakimiyyətinin binası qarşısındakı rəngbərəng güllərlə bəzədilmiş abidəsi önünə gül-çiçək düzmüş, dahi şəxsiyyətə sevgi və ehtiramlarını bildiriblər.

Sonra bayram tədbiri şəhərin mərkəzindəki Azadlıq meydanında davam etdirilib.

Çıxış edənlər bütün ömrünü xalqının tərəqqisi və firavanlığına, Azərbaycanın inkişafına həsr etmiş ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı əvəzsiz xidmətlərindən danışıb, Ulu Öndərin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildiriblər.

Tədbir iştirakçıları meydanda təşkil edilmiş gül sərgilərinə baxmış, şəhərdə fəaliyyət göstərən ali məktəb və kollec tələbələrinin Ulu Öndərə həsr etdikləri fləşmoba tamaşa etmiş, "Natiq Ritm" qrupu üzvlərinin hazırladıqları ritm kompozisiyasını izləyiblər.

Rəngbərəng güllərdən hazırlanmış kompozisiyalar, pannolar, şəkil və plakatlar tədbir iştirakçılarında xoş ovqat yaradıb.

Bayram tədbirində Şəki Musiqi Kollecinin xor kollektivi, həmçinin ümumtəhsil və uşaq musiqi məktəblərinin, uşaq bağçalarının kollektivləri rəngarəng konsert proqramı ilə çıxış ediblər.

Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş ümumrayon tədbiri axşam saatlarında Yay Teatrında "Natiq Ritm" qrupunun təqdim etdiyi maraqlı konsert proqramı ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə