Millət vəkili Ermənistan tərəfindən dağıdılan tarixi abidələrimizdən danışdı
Millət vəkili Qənirə Paşayeva Bolu Türk Ocaqlarında Şuşada və digər işğal olunmuş torpaqlarımızda Ermənistanın dağıtdığı tarixi və mədəniyyət abidələrimiz barədə çıxış edib. SİA-nın məlumatına görə, konfransda iştirak edən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu IB-nin sədri Qənirə Paşayeva "bir millət, iki dövlət" olan Azərbaycan ilə Türkiyə arasında yüksək səviyyədə əlaqələrin olmasının məmnuniyyət verici olduğunu bildirib. Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə əməkdaşlığın daha genişləndirilməsinin vacibliyini qeyd edən millət vəkili bu əməkdaşlığın bütün Türk dünyasının birliyi üçün bir təməl rolunu oynadığını və oynaya biləcəyini deyib.
Onun sözlərinə görə, Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən "Şərq tərəfdaşlığı" konfransı çərçivəsində Prezident İlham Əliyevin Ermənistan prezidenti Serj Sarkisyanın qondarma "erməni soyqırımı" ilə bağlı əsassız iddialarına "Türkiyə burda yoxdur, amma mən varam" cavabı verməsi və verdiyi tutarlı cavab türk dünyasının tarixinə yazılan və Azərbaycan-Türkiyə dostluğunun möhkəmliyini göstərən, iki qardaş dövlətin ümumi maraqlarını və beynəlxalq aləmdə vahid cəbhədən çıxış etməsinin bariz nümunəsi oldu: "Prezident İlham Əliyevin bu çıxışı təkcə Azərbaycan gəncliyi üçün deyil, bütün Türkdilli dövlətlər və Türk dünyası üçün örnəkdir".
Azərbaycanın qədim mədəniyyət beşiyi olan Şuşanın Ermənistan tərəfindən işğalından 22 il ötdüyünü diqqətə çatdıran Qənirə Paşayeva Ermənistanın işğal etdiyi Şuşada və digər Azərbaycan torpaqlarında Azərbaycan türklərinə qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti, millətimizə məxsus mədəni-tarixi abidələri, məscidləri, qəbirstanlıqları dağıtması, türk millətinin Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağda tarixi izlərini silmək siyasəti yürütməsi haqqında məlumatlar verib.
O bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Şuşada və digər Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır.
Millət vəkili 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb.
Onun sözlərinə görə, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər: "Bu yalanların qarşısının alınmasının tək bir yolu – Türk dünyası birlikdə mübarizəsini daha da gücləndirməli və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymağa çalışmalıdır. Biz, Türk milləti olaraq ortaq problemlərimizi birləşərək birlikdə həll etməliyik. Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə, Qarabağ həqiqətlərinin yayılması, Xocalı soyqırımının tanıdılması, Ermənistanın işğal etdiyi Şuşada daxil olmaqla digər Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması harada doğulub, harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq",
Bu məsələdə türk gəncliyinin üzərinə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva söyləyib ki, harada doğulmasından və yaşamasından asılı olmayaraq böyüyən gəncliyimizə tariximizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa bilsinlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB