Tarixi Yerlər Günü qeyd olunacaq

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və "PAŞA Həyat Sığorta" şirkətinin təşkilatçılığı, Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (İCOMOS) dəstəyi ilə 18 aprel tarixində saat 18:00-da Azərbaycan Milli İncəsənət Muzeyində 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş təntənəli bayram mərasimi keçiriləcək. SİA-nın məlumatına görə, tədbirdə ölkəmizin mədəni irsinin tədqiqi, mühafizəsi və təbliği sahəsində görülən işlərin təşviq olunması məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin "Milli irs mükafatı" 2014-cü il üzrə nominantlarının mükafatlandırma və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin "PAŞA Həyat Sığorta" ASC və "İrs" Nəşriyyat Evinin birgə layihəsi olan "Qobustan - minilliyin kitabı" və "Qədim qalanın yuxuları" kitablarının təqdimatı keçiriləcək.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin "Milli irs" mükafatının təsis edilməsində məqsəd Azərbaycanın mədəni irsinin inkişafı naminə elmi tədqiqat və araşdırmaların aparılması, tarix və mədəniyyət abidələrinin mühafizəsində qabaqcıl standartların tətbiqi, daşınmaz tarix və mədəniyyət abidələrinin orijinal və müasir üsullarla bərpası və konservasiyası, Azərbaycanın mədəni irsinin yerli, regional və beynəlxalq aləmdə tanıdılması və təbliği, gənclər arasında milli memarlıq və bərpaçılıq sənətinin təşviqi, onların maarifləndirilməsi və mədəni irsin qorunması sahəsində ixtisaslı kadrların hazırlanması üzrə əldə olunmuş nailiyyətlərin qiymətləndirilməsi və bu barədə geniş ictimaiyyətin məlumatlandırılmasından ibarətdir.

Mükafat memarlıq, arxeologiya və etnoqrafiya, mədəni turizm, tarix və mədəniyyət abidələrinin bərpası, mədəni irsin tədqiqi, təbliği və mühafizəsi istiqamətləri üzrə aşağıdakı nominasiyalarda verilir:

• Azərbaycanın mədəni irs abidələrinin mühafizəsi, bərpası və istifadəsində xidmətlərə görə;

• Azərbaycanın mədəni irsinin təbliğində xidmətlərə görə;

• Azərbaycanın mədəni irsinin tədqiqindəki xidmətlərə görə.

Mükafat Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə və yaxud kollektiv birliklərə verilə bilər. Mədəniyyət və Turizm Nazirliyinin "Milli İrs Mükafatı"na layiq görülən şəxslər Mükafatın simvolu və diplom ilə təltif olunur.

Qeyd edək ki, bir qayda olaraq, hər il 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günündə təqdim olunan mükafat müvafiq olaraq cari ildə həmin tarixdə keçiriləcək təntənəli mərasimdə qaliblərə təqdim olunacaq. Tədbirdə ölkəmizin dövlət və hökumət, elm ictimaiyyət nümayəndələrinin, eləcə də xarici dövlətlərdən dəvət edilmiş çoxsaylı qonaqların iştirakı nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə