Beynəlxalq teatr əlaqələrinin qurulmasına və genişləndirilməsinə böyük önəm verən, maraqlı səhnə əsərləri ilə tamaşaçıları həmişə sevindirən Azərbaycan Dövlət Musiqili Teatrı bu dəfə Molla Nəsrəddini səhnəyə gətirəcək.
Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu münasibətlə teatra dəvət olunan Tacikistanın xalq artisti, Qırğızıstanın Əməkdar İncəsənət Xadimi, rejissor Sultan Usmanov Musiqili Teatrın səhnəsində özbək dramaturqu İbrahim Sadıqovun "Molla Nəsrəddinin beş arvadı" komediyasına quruluş verəcək.
Sulton Usmanov Moskvada, A.V.Lunaçarski adına Dövlət Teatr İnstitutunun musiqili teatr rejissoru fakültəsində təhsil alıb. O, 1998-2009–cu illərdə Düşənbədəki S.Aini adına Opera və Balet Teatrında, V.Mayakovski adına Rus Dram Teatrında və Vahidov adına Gənclər Teatrında baş rejissor kimi fəaliyyət göstərmiş, 70-dək opera, musiqili tamaşa və dram əsərlərinə quruluş verib.
Tacik rejissoru son illərdə Qazaxıstan, Qırğızıstan, Özbəkistan və İranın müxtəlif teatrlarında tamaşalar hazırlayıb. O, Fransanın Avinyon, Moskvanın A.P.Çexov adına Beynəlxalq teatr festivallarının və İranda keçirilən 27-ci Fəcr kimi mötəbər teatr yarışmalarının iştirakçısı olmuş və yüksək mükafatlara layiq görülüb. Onun tamaşaları təkcə Orta Asiya respublikalarında deyil, həmçinin Moskva və Sankt-Peterburq teatrlarının səhnələrində də uğurla nümayiş etdirilir.
Hələ 60-cı illərdə "Tacikfilim"də lentə alınmış "Xoca Nəsrəddinin 12-ci qəbri" filmində Azərbaycanın xalq artisti Bəşir Səfəroğlunun yaratdığı Xoca Nəsrəddin tamaşaçıların yaxşı yadındadır.
Qeyd edək ki, taciklərə Xoca Nəsrəddini sevdirən azərbaycanlıların çox sevdiyi teatra Molla Nəsrəddin obrazını bu dəfə tacik rejissoru gətirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB