“Molla Nəsrəddin” jurnalının nəşrə başlamasından 108 il ötür

“Molla Nəsrəddin” jurnalının nəşrə başlamasından 108 il ötür

"Molla Nəsrəddin" jurnalının nəşrə başlamasından 108 il ötür. SİA-nın məlumatına görə, "Molla Nəsrəddin"i təbiət özü, zəmanə özü yaratdı". Bunu Mirzə Cəlil deyib. Bu jurnal milli mətbuatımızın qaranquşu olan "Əkinçi"nin uğurlarını davam etdirmiş, klassik irsə yeni və orijinal gözlə baxmış, "Sizi deyib gəlmişəm" – deyə doğma xalqı ilə sadə dildə danışıb. "Molla Nəsrəddin" xalqın ruhunu əks etdirib, geniş xalq kütlələrinin düşüncəsini hərəkətə gətirib. Cəlil Məmmədquluzadənin böyük can yanğısı ilə yaratdığı bu dərgi millətinə ayna tutmuş, onu özünüdərkə vadar edib.
Azərbaycanın milli mətbuatı tarixində satirik jurnalistikanın əsasını qoyan "Molla Nəsrəddin" ifadə etdiyi mətləblərin dərinliyi, orijinallığı ilə hər kəsin maraq dairəsinə uyğun gəlib.
Mirzə Ələkbər Sabirin təbirincə desək, zamanın nehrə kimi çalxanıb-bulandığı bir dövrdə Mirzə Cəlil bir güzgü yaradıb. Bu güzgüdə təkcə Azərbaycan deyil, bütün Şərq, Asiya əks olunub. Hədəfləri ətalət, sükunət, cəhalət, savadsızlıq, gerilik olan "Molla Nəsrəddin" Azərbaycanın ictimai-bədii fikir tarixində satiranın yeni ideya, estetik keyfiyyət qazanmasına şərait yaradıb. Milyonların görə bilmədiyi işi silahı söz və qələm olan bir neçə mollanəsrəddinçi görüb. Onlar xalqın dərdinə ağlaya-ağlaya gülmüş, oxuculara gülə-gülə düşünməyi öyrədiblər.
Mirzə Cəlil demişdir ki, xalqın dərdlərinə müşayiətçi olmaq deyil, onun taleyində müəyyən rol oynamaq gərəkdir. Elə buna görə də o, əsl ziyalıları və vətənpərvərləri jurnalın ətrafında birləşdirib. Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyli, Mirzə Ələkbər Sabir, Məmməd Səid Ordubadi, Əbdürrəhimbəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar kimi sözün düzünü zarafatla, incə yumorla deməyi bacaran qələm sahibləri təzyiq və təqiblərə baxmayaraq, böyük fədakarlıqla xalqa xidmət yolunu tutublar. "Molla Nəsrəddin" də bu ziyalıların taleyinə təsirsiz qalmamış, onların yaradıcılıq istiqamətini müəyyən edib.
Bu jurnaldan danışarkən onun rəssamları Oskar Şmerlinqi, İosif Rotteri, Əzim Əzimzadəni də xatırlamamaq qeyri-mümkündür. Onların çəkdikləri şəkillərin, karikaturaların dəyəri misilsiz idi. Həm də ona görə ki, o dövrdə insanlar yazmaqdan çox görməyi bacarırdılar.
Müəyyən fasilələrlə, ümumilikdə, 25 il, o cümlədən 1906-1917-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr olunan "Molla Nəsrəddin" mətbuat aləminə yeni dünyagörüşü və zövq gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə