Azərbaycan Mətbuat Şurasında yazıçı-jurnalist Rəşad Məcidin "Dəlicəsinə…" kitabının təqdimatı olub. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, R.Məcidin sənət dostları, kütləvi informasiya vasitələrinin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək Rəşad Məcidin yaradıcılığı və yeni nəşr haqqında məlumat verib: "Bu R. Məcidin sayca beşinci kitabı olan "Dəlicəsinə…" əsərindən başqa onun "Hələ ki, vaxt var", "10 sentyabr", "Əlvida və salam" və "10 sentyabr" (müxtəlif dillərə tərcümə) əsərləri də nəşr olunub. Dörd bölümdən ibarət "Dəlicəsinə..." kitabının "Yaşadıqlarım", "Gördüklərim", "Tanıdıqlarım" və "Dediklərim" bölmələrində yazıçının müxtəlif illərdə qələmə aldığı publisistik yazıları, səfər təəssüratları, portret-məqalələri və son illər müəllifin mətbuat orqanlarına verdiyi bir neçə müsahibəsi yer alıb.
Əsərdə respublikamızın tanınmış insanlarına həsr edilmiş məqalələr diqqəti daha çox cəlb edir. bu yazılar özünəməxsusluğu və orijinallığı ilə seçilir".
Təqdimat mərasimində çıxış edənlər kitabla bağlı təəssüratlarını bölüşüb, müəllifi təbrik ediblər. Rəşad Məcidin yazıçı, şair, publisist və jurnalist kimi çoxşaxəli fəaliyyəti yüksək qiymətləndirilib, onun yüksək əxlaqi-mənəvi keyfiyyətlərindən söhbət açılıb: "Rəşad Məcidin yaradıcılığı polifonik keyfiyyətdədir. Onun bütün yazılarında insana, Vətənə, yurda sevgi hissi üstünlük təşkil edir. Rəşad Məcidin bir publisist kimi tematikası çox zəngindir və bu zənginlik ona yazıçı müşahidəsindən gəlir. Onun müşahidələri hər dəfə yeni bir yaradıcılıq ovqatına, maraqlı bədii sözə, publisistika faktına çevrilir. Təqdim olunan kitab da yaradıcılıq faktına çevrilmiş ovqat toplusudur. Bu publisistik ovqat bizə istədiyimiz hər şeyi "dəlicəsinə" sevmək eşqi aşılayır".
Qeyd edək ki, tədbirdə Rəşad Məcid kitabın ərsəyə gəlməsindən, əsərdə haqqında portret məqalələr qələmə aldığı həmkarları ilə bağlı xatirələrindən söhbət açaraq, nəşrə "Ön söz"ün müəllifi Cahangir Məmmədliyə və iştirakçılara minnətdarlığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB