“Nizami Gəncəvi mədəni irsi” FOTOLAR

“Nizami Gəncəvi mədəni irsi” FOTOLAR

Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) "Nizami Gəncəvi mədəni irsi"nin təbliğinə həsr olunmuş növbəti əl işləri sərgisi keçirilib. SİA-nın məlumatına görə, İRK-nın Türk Dünyası Folklor Mərkəzinin təşkilatçiliğı ilə keçirilən sərgidə ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov, Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağaəli İbrahimov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində Əzim Əzimzadə adına İncəsənət Kollecinin Tərbiyə işləri üzrə prorektoru Həşim Paşayev, ADU- nun İnformasiya Resurs Kompleksinin (İRK) direktoru Şəhla Xudiyeva, İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prayono Atiyanto, universitetin dil mərkəzlərinin rəhbərləri və müəllim-tələbə heyəti iştirak ediblər.

Sərgidə rəssamların, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində Əzim Əzimzadə adına İncəsənət Kollecinin və ADU tələbələrinin, həmçinin Nizami Gəncəvi yaradıcılığını sevənlərin əl işləri nümayiş olunub. Təqdim olunan əl işləri arasında Nizami Gəncəvinin "Yeddi Gözəl", "Leyli və Məcnun", "Xosrov və Şirin" və sair əsərlərinin obrazlarının qəhrəmanlıq sujetlərini əks etdirən təsviri incəsənət nümunələri sərgilənib. Sərgi iştirakçıları, eyni zamanda müxtəlif üslubların əks olunduğu (kətan, barelyef), incəsənət və sənətkarlıq nümunələri (şüşə və xalça müxtəlif dövrlərin naxış üslub, vitraj) və fotoşəkillərlə tanış olublar.

Sərgini giriş sözü ilə açan İRK-nın direktoru Şəhla Xudiyeva ADU-da mütəmadi olaraq belə tədbirlər həyata keçirildiyini bildirib: "Hər il Nizami Gəncəvinin yaradıcılığının təbliğinə həsr olunmuş əl işləri sərgisi keçirilir. Tədbirlərin reallaşmasında verdiyi dəstəyə görə ADU-nun rektoru Səməd Seyidova təşəkkür edirəm".

ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov isə çıxışında sərgidə əl işləri nümayiş olunanları təbrik edib: "Belə tədbirlərin həyata keçirilməsi Nizami irsinin təbliğində vacib əhəmiyyət kəsb edir. Nizami Gəncəvinin yaradıcılığının təbliğinə həsr olunmuş əl işləri sərgisinin ADU-da keçirilməsi artıq ənənəyə çevrilib".

Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağaəli İbrahimov öz növbəsində dəvətə görə universitet rəhbərliyinə minnətdarlığını bildirib: "Nizami Gəncəvi məhəbbət şairi kimi tanınıb və onun yaradıcılığında əsasən lirik əsərlər üstünlük təşkil edir. Düşünürəm ki, gənc nəsl onun irsini öyrənməli və yaradıcılığının təbliğatçısına çevrilməlidir".

İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prayono Atiyanto da söz alaraq sərgidə iştirakından məmnunluğunu ifadə edib: "Keçmişinə və görkəmli şəxslərinə qiymət verən xalq müdrik xalqdır. Azərbaycan xalqı da bu xalqlardan biridir".

Qeyd edək ki, sonda sərgidə nümayiş olunan əl işlərinə baxış keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə