Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşbbüsü ilə Azərbaycanın Əməkdar rəssamı Əşrəf Heybətin əsərlərindən ibarət Azərbaycanda "İthaf.Şərq və Qərb arasında" adlı rəssamın ilk fərdi yaradacılıq sərgisi keçirilir. SİA-nın məlumatına görə, Ə.Heybət 1951-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra, Tbilisi Rəssamlıq Akademiyasında, daha sonra isə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirib. 1980-ci ildə Moskvada keçirilən Yay Olimpiya oyunlarının bədii tərtibatında iştirak edən rəssam, Moskvada qalıb fəaliyyətini davam etdirərək, qısa bir zamanda böyük uğur qazanır. Moskva ilə yanaşı, Fransa, İspaniya, İtaliya, İsrail, Hindistan, Misir, Türkiyə və bir sıra ölkələrdə fərdi sərgiləri keçirilən rəssamın əsərləri böyük maraqla qarşılanır, ona böyük uğur qazandırır. Ə.Heybət çox geniş yaradıcılıq diapozununa malikdir. O, portret, mənzərə, ntürmort janrlarında işlədiyi əsərlərlə bərabər, iri həcmli monumental əsərlərin də müəllifidir.
1994-cü ildə Almaniyanın Koblens şəhərinə köçən Ə.Heybət, şəhərə 450kv/m panno hədiyyə etmiş, 2001-ci il 11 sentyabr Nyu-York terror faciəsinə həsr etdiyi "Nyu-York 11 sentyabr" panno-rəsmi şəhərin sakinlərinə hədiyyə olaraq göndərilib.
Ə.Heybət Rusiya Federasiyası Rəssamlıq Akademiyasının, PDA beynəlxalq təşkilatının və YUNESKO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, Beynəlxalq "Sülh elçisi" mükafatı laureatı, Almaniyada "Bakı" Mədəniyyət Cəmiyyətinin sədridir. Əsərləri dünyanın 20-dən artıq ölkəsində nümayiş olunub. O, Azərbaycandan kənarda yaşayıb-yaratsa da, əsərlərində, mənsub olduğu xalqına, doğma vətəninə, onun tarixinə, adət-ənənəsinə bağlılıq daim özünü göstərir.
Qeyd edək ki, sərgi 6 mart, saat 18:00-da Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi 11 ünvanında yerləşən binasında keçiriləcək. Sərgi mart ayının 19-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB