Xocalı uşaqların gözü ilə FOTOLAR

Xocalı uşaqların gözü ilə FOTOLAR

LN incəsənət mərkəzində Dövlət Rəsm Qalereyası və Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının təşkilatçılığı ilə "Xocalı uşaqların gözü ilə" mövzusunda yeniyetmə rəssamların əsərlərinin sərgisi keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, Uşaq-Gənclər Yaradıcılıq Sarayının müəllimləri iştirak edib.

Əvvəlcə tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov Xocalı hadisəsini tariximizin faciəli səhifəsi, eyni zamanda vətənpərvərlik, qəhrəmanlıq rəmzi kimi qiymətləndirib: "Xocalı sakinləri bütün çətinliklərə baxmayaraq son anadək öz yurd-yuvalarını tərk etmədilər, yüzlərlə insan şəhid oldu. İllər keçsə də, xalqımız bu günü daim xatırlayacaq, unutmayacaq. Bugünkü sərginin əhəmiyyəti ondadır ki, gənclər və yeniyetmələr bu faciəyə öz baxışlarını, münasibətlərini çəkdikləri rəsmlərlə bildirirlər. Xocalı hadisəsi baş verəndə bu uşaqlar dünyaya gəlməmişdilər. Bu gün sərgidə iştirak edən uşaqların əksəriyyəti aşağı sinif şagirdləridir, onlar hələ məktəbdə tarix dərsi də keçməyiblər, amma sərgiyə bu cür dəyərli rəsmlər təqdim ediblər. Sözsüz ki, bu rəsmlər onların Xocalı haqqında eşitdikləri, oxuduqları məlumatlar əsasında yaranıb".

Tədbirdə bildirilib ki, Xocalı soyqırımını tanıtmaq, bu tarixi gerçəyi dünyaya çatdırmaq hər birimizin vətəndaşlıq borcudur. Bu işdə incəsənət sahəsində çalışanların da üzərinə məsuliyyət düşür. Belə rəsm sərgilərinin mühüm cəhəti ondadır ki, bu əsərlər uzun illər qalır, daim yaşayır. Bu rəsmlər Azərbaycanın tarixidir. İnanırıq ki, bu uşaqların içərisindən gələcəyin böyük rəssamları çıxacaq və onlar bu günü mütləq xatırlayacaqlar.

Elnur Hüseynov sərgidə iştiraklarına görə, Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq sarayının rəsm dərnəyinin üzvlərinə təşəkkürünü bildirib.

Sərgidə LN incəsənət mərkəzinin və yaradıcılıq sarayı şagirdlərinin 40-dan artıq rəsmi nümayiş olunur.
Mədəniyyət və Turizm Nazirliyi Dövlət əhəmiyyətli tədbirlərin təşkili və yaradıcı gənclərlə iş sektorunun məsləhətçisi Sənan Əhmədov Xocalı faciəsinin bütün bəşəriyyətə, insanlığa qarşı amansız cinayət olduğunu, tariximizin qan yaddaşına həkk olunmuş bu səhifənin nəsildən-nəslə çatdırılmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, tədbir iştirakçıları daha sonra sərgi ilə tanış olublar. Sərgi 3 gün davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə