Gültac Əlili ilin birincisi oldu

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin "İlin ən yaxşı aktrisası" nominasiyasındakı mükafatına Azərbaycan Dövlət Musiqili Teatrının gənc aktrisası Gültac Əlili layiq görülüb. SİA-nın verdiyi xəbərə görə, aktrisanın bu mükafatla təltifi teatr kollektivinin də böyük sevincinə səbəb olub.

Nəzərinizə çatdıraq ki, Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası Gültac Əlili Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqili teatr" aktyorluğu fakültəsini bitirib. 2007-ci ildə hələ tələbə ikən Azərbaycan Dövlət Musiqili Teatrına aktrisa kimi dəvət alıb. Gözəl vokal səsə və səhnə mədəniyyətinə malik olan aktrisa teatrda Nərgiz (R.Hacıyev, F.Zöhrabov, E.Ocaqov "Talelər qovuşanda"), Xəyalə (O.Rəcəbov, A.Babayev "Şeytanın yubileyi"), Leyla (R.Mirişli, M.Haqverdiyev "Qısqanc ürəklər"), Reyhan (R.Mirişli, M.Haqverdiyev "Amerikalı kürəkən"), Qonşu qız (S.Ələsgərov, Ş.Qurbanov "Milyonçunun dilənçi oğlu"), Gülnar (F.Sücəddinov, T.Vəliyeva "Mən dəyərəm min cavana"), Zari (İmre Kalman "İddialı qaraçı"), Çiçək (İ.Məlikzadə, S.Ələsgərov "Kələrbazlar"), Əsmər (O.Rəcəbov, A.Babayev "Əlin cibində olsun"), Bahar ( Əbdürrəhim bəy Haqverdiyev "Kimdir müqəssir") və s. kimi əsas rolların ifaçısı olub.

Gültac Əlilinin son yaradıclıq işi olan "Kimdir müqəssir" (Ə.Haqverdiyev) komediyasındakı Bahar aktrisanın ən uğurlu işləri sırasındadır. Bahar obrazı Gültac Əlilinin bütün aktyorlıq imkanlarını üzə çıxarmış, teatr mütəxəssisləri və kütləvi informasiya vasitələri tərəfindəndə yüksək qiymətləndirilib. Gənc sənətçi məhz bu roluna görə də "İlin ən yaxşı aktriası" mükafatına layiq görülüb.

Qeyd edək ki, Gültac Əlili teatrda aktrisa kimi yaradıcılıq fəaliyyətini davam etdirir, yeni-yeni obrazlar üzərində işləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə