Mədəniyyət və Turizm Nazirliyinin bir qrup KİV nümayəndəsi ilə 2013-cü il üçün "Azərbaycanın folklor paytaxtı" elan olunan Zaqatalaya təşkil etdiyi səfər çərçivəsində jurnalistlər bu gün Zaqatala qalası ilə tanış olublar.
Daha sonra jurnalistlər Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ilə görüşüblər.
Jurnalistləri Zaqatalada görməkdən məmnun olduğunu ifadə edən M.Əhmədzadə əvvəlcə rayonun ərazisi, etnik tərkibi, turizm potensialı, mədəniyyət abidələri haqqında məlumat verib.
Sonra icra başçısı rayonun iqtisadi göstəriciləri barədə jurnalistlərə məlumat verib: "2013-cü ilin doqquz ayında rayonda iqtisadiyyatı dinamik inkişaf edib, ötən ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsulu 9,3 faiz, sənaye məhsulu 12,4 faiz artıb. Eyni zamnda bu il Zaqatalaya 500 min manat investisiya qoyulub. Prezident İlham Əliyevin göstərişi ilə 28 yolun təmir-bərpası üçün 5 milyon vəsait ayrılıb ".
Rayonun turizm baxımından əhəmiyyətli bölgə olduğunu vurğulayan M.Əhmədzadə rayonun ərazisinin əsasən dağlıq ərazilər, meşələrlə örtülü olduğunu qeyd edib: "Zaqatalada ekoloji turizm üçün əla şərait var. Zaqatala – beynəlmiləl rayondur. Burada azərbaycanlılarla bərabər 20-dən çox xalqın nümayəndələri – avarlar, ləzgilər, tsaxurlar, ruslar, tatarlar, ingiloylar və başqaları yaşayır və onların hər birinin mədəniyyət və incəsənəti turistlər üçün cəlbedicidir. Zaqatalanın mövcud iqlim şəraiti bu şəhəri dağ-iqlim kurortuna çevirməyə imkan verib və bu iş davam etdirilir. Bundan başqa rayonun ərazisində çoxsaylı tarix və mədəniyyət abidələri mövcuddur".
İcra başçısı qeyd edib ki, 2014-cü ilin may ayına qədər Ümummilli Lider Heydər Əliyevin adını daşıyan mərkəzin yeni layihə əsasında tikilən binasının açılışı olacaq.
Bu ilin avqust ayında ölkə başçısı İlham Əliyevin Zaqatalaya səfər etdiyini xatırladan M.Əhmədzadə rayona göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına təşəkkürünü bildirib: "Prezident İlham Əliyevin avqustun17-də rayona səfəri çərçivəsində Bəhmətli kəndində Heydər Əliyev Fondunun vəsaiti ilə tikilən 600 şagird yerlik yeni məktəb binası və Zaqatala şəhərində "Tumurcuq" uşaq bağçası istifadəyə verilib. Bundan başqa, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində şəhərə və ətraf kəndlərə içməli suyun verilməsinə başlanılıb".
Mədəniyyət və Turizm Nazirliyini Mədəniyyət Siyasəti şöbəsinin müdiri Fikrət Babayev "Azərbaycanın folklor paytaxtı" seçilən Zaqatalada görülən işləri yüksək qiymətləndirib. Bildirib ki, Zaqatalanın bu il folklor paytaxtı seçilməsi heç də təsadüfi deyil, çünki rayonda hazırda gedən abadlıq quruculuq işləri bunu deməyə əsas verir.
Jurnalistlər adından çıxış edən Mədəniyyət və Turizm nazirliyinin mətbuat xidmətinin katibi Zöhrə Əliyeva icra başçısının səfər çərçivəsində jurnalistlərə göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildirib və ölkənin aparıcı media orqanlarının nümayəndələrini icra başçısına təqdim edib.
Təqdimatdan sonra M.Əhmədzadə jurnalistlərin suallarını cavablandırıb. Jurnalistlərin suallarına cavablandıran M.Əhmədzadə deyib ki, 2012-ci ilin mayında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması sahəsində tədbirlər davam etdirilir: "Cari ilin doqquz ayı ərzində 3960 şagird yerlik 11 məktəb binası istifadəyə verilib, 6 məktəb binasında bərpa-gücləndirmə işləri aparılıb. Nazirlər Kabinetinin ayırdığı vəsait hesabına zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş 9 uşaq bağçasında bərpa-gücləndirmə və tikinti işlərinə başlanılıb".
İcra başçısı qeyd edib ki, indiyədək rayonun zəlzələdən zərər çəkmiş ərazilərində 3900 fərdi evin tikintisi başa çatdırılıb.
Mətbuata hər zaman açıq olduğunu deyən M.Əhmədzadə qeyd edib ki, rayonda "Aygün" müstəqil televiziya şirkəti və "Zaqatala" qəzeti fəaliyyət göstərir: " "Zaqatala" qəzeti müntəzəm olaraq rayonun ictimai-siyasi həyatında baş verən hadisələri işıqlandırır. 1923-cü ilin mart ayından fəaliyyətə başlayan "Zaqatala" qəzetinin bu il 90 yaşı tamam olur və bu dəyərli mətbu orqanın 90 illik yubileyi təntənəli şəkildə qeyd olunacaq".
Tədbirin sonunda Zaqatala Rayon İcra başçısı Mübariz Əhmədzadə Mədəniyyət və Turizm Nazirliyinin rəsmilərinə və jurnalistlərə qiymətli hədiyyələr təqdim edib.
Eyni zamanda bu gün rayon mədəniyyət mərkəzində "Azərbaycanın folklor paytaxtı" Zaqatala adlı tədbir də keçirilib. Tədbirdə rayon icra başçısı Mübariz Əhmədzadə, Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasimdə bir-birindən maraqlı rəqslər və səhnəciklər göstərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB