KİV nümayəndələri “Azərbaycanın folklor paytaxtı”nda səfərdədirlər

KİV nümayəndələri “Azərbaycanın folklor paytaxtı”nda səfərdədirlər

Mədəniyyət və Turizm Nazirliyi bir qrup KİV nümayəndəsi üçün 2013-cü il üçün "Azərbaycanın folklor paytaxtı" elan olunanan Zaqatalaya səfər təşkil edib. SİA-nın məlumatına görə, jurnalistlər səfər çərçivəsində Zaqatalanın Əliabad və Yengiyan kəndlərində təşkil olunan tədbirlərdə iştirak ediblər.

Tədbirlərdə səsləndirilib ki, bölgə bir çox millətin nümayəndələrinin mehriban yaşadığı, tolerantlığı ilə seçilən, zəngin və maraqlı folkloru olan bir məkandır. Qədim alban tayfalarının, müxtəlif millətlərin nümayəndələrinin qovuşuq mədəniyyət nümunələrinin hamısında dağları vüqarı, bağların bərəkəti, insanların sədaqəti tərənnüm olunur.

Vurğulanıb ki, bir-birindən fərqli gözəl musiqilər, oynaq, ritmik rəqslər, təkrarsız adət-ənənələr xalqların milli varlığının təsdiqidir.

Zaqatala Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zümrüd Ağakişiyevaya jurnalistlərə bildirib ki, Zaqatalanın 2013-cü ildə Azərbaycanın "Folklor paytaxtı" elan olunması təsadüfi deyil, çünki Zaqatala Azərbaycanın ən ecazkar guşələrindən biridir: "Son illər burada həyata keçirilən çoxsaylı layihələr onun hər bir guşəsinin inkişaf etməsinə, gözəlliyinin on qat artmasına səbəb olub. Bu torpağın hər qarışı gözəldir, zəngindir, insanları qədirbilən zəhmətkeş və təəssübkeşdir . Bu diyarın müxtəlif naxışlı xalılar, rəngarəng çiçəkli çəmənlər qədər cəlbedici zəngin folkloru, milli-mənəvi dəyərləri var. Məhz bu qiymətli sərvətləri üzə çıxarmaq, folklorumuzu daha geniş araşdırıb tədqiq və təbliğ etmək məqsədilə 53 maddədən ibarət tədbirlər planı hazırlanıb".

Daha sonra jurnalistlər Zaqatala Rayon İcra Hakimiyyətinin təşkil etdiyi ziyafətə qatılıblar.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramına əsasən, 2013-cü il üçün "Azərbaycanın folklor paytaxtı" elan olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə