Koişiro Matsuura: Azərbaycan çox zəngin mədəniyyətə malik ölkədir

Koişiro Matsuura: Azərbaycan çox zəngin mədəniyyətə malik ölkədir

Azərbaycan çox zəngin mədəniyyətə malik ölkədir. Qobustan qədim dünya mədəniyyətinin maraqlı nümunələrindəndir. Bu sözləri Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının sonuncu günündə UNESCO-nun keçmiş baş direktoru Koişiro Matsuura jurnalistlərə müsahibəsində deyib.

Bildirib ki, Komitənin 8-ci sessiyasının işi çox uğurlu və məhsuldar keçib. Bir çox ölkələr üçün müsbət nəticələr əldə olunub. Azərbaycan hökuməti tərəfindən tədbir çox yüksək səviyyədə təşkil olunub.

Koişiro Matsuura deyib: "UNESCO ilə Azərbaycan arasında əlaqələrin genişlənməsinə daim diqqət göstərən Prezident İlham Əliyevə, birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm. Sessiyada müzakirə olunan bütün məsələlər inkişaf naminə olmuşdur. Komitə üzvləri dəyərli çıxışlar etmiş, müzakirə olunan məsələlərə ciddi yanaşmışlar".

Azərbaycana hələ ilk səfərində bu ölkənin sürətli inkişafını müşahidə etdiyini deyən UNESCO-nun keçmiş baş direktoru Koişiro Matsuura hər dəfə respublikamıza gələndə böyük yeniliklərin, o cümlədən möhtəşəm tikililərin, abadlıq işlərinin şahidi olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə