Çövkən oyunumuz YUNESKO-nun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilib

Çövkən oyunumuz YUNESKO-nun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilib

Bakıda keçirilən YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin VIII sessiyasında təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irsin siyahısına təklif edilən nominasiyalar nəzərdən keçirilib. SİA-nın verdiyi xəbərə görə, nominasiyaların təqdim edilməsi ilə bağlı müzakirələrə ilk olaraq Azərbaycan nümayəndə heyəti qatılıb. Nümayəndə heyəti belə bir təkliflə çıxış edib ki, Komitəyə təqdim edilən fayllarda nominasiyalar haqqında əsaslı informasiyalar verilməlidir. Nominasiyaların təqdim edilməsi ilə əlaqədar yaranan problemlərlə bağlı Çin Xalq Respublikası, Mərakeş, Qrenada, Nigeriya, Seneqal, Qvatemala, Mali və başqa ölkələr təkliflərini irəli sürüblər. Bildirilib ki, gələcəkdə işçi qrupa təqdim edilən nominasiyalarda keyfiyyət əsas götürüləcək və ölkələr öz fayllarını təqdim edərkən daha təkmilləşmiş üsullardan istifadə edəcəklər. İclasın sədri Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, nominasiyalar üzrə faktlar fayllarda özünü təsdiq etməlidir və yeni irəli sürülən dəlillər nominasiyaların nəzərdən keçirilməsi zamanı prosesdə istifadə edilə bilməz.
Bundan sonra iclas təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irsin siyahısına təqdim edilən fərdi nominasiyalarla bağlı müzakirələrə başlayıb. İlk olaraq Azərbaycan nümayəndə heyəti tərəfindən təqdim edilən "Çövkən - qədim atüstü Qarabağ oyunu" nominasiyası müzakirə olunub. Bununla bağlı iclasda Azərbaycanın sədrliyini Braziliya əvəz edib.
Azərbaycanın ənənəvi milli oyun növü olan Çövkənin YUNESKO-nun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına salınması ilə bağlı ölkəmizin nümayəndə heyətinin məlumatı və oyun haqqında ətraflı informasiya (oyunun xüsusiyyətləri və oyunla bağlı video) iclas üzvlərinin nəzərinə çatdırılıb. Bildirilib ki, Azərbaycan tərəfin hesabatı yoxlanılmış və nəzərdən keçirilib. İran İslam Respublikası 4 noyabr 2013-cü ildə katibliyə nominasiya ilə bağlı məktub yollamış və Azərbaycan tərəfi bu məktuba cavab ünvanlayıb. Hər iki məktub komitənin saytında qoyulub: "Hər iki tərəf bu istiqamətdə müəyyən məsələləri yoluna qoymağa müvəffəq olub. Nominasiyaya kiçik texniki dəyişiklik edilməklə məsələnin həll yolu tapılıb. Birgə əməkdaşlığı alqışlayırıq".

Nəzərinizə çatdıraq ki, bundan sonra nominasiyanın qəbul edilməsi ilə bağlı iclas iştirakçılarına müraciət olunub və sənəddə bir dəyişiklik – "Azərbaycan Respublikasında" sözü əlavə edilməklə heç bir etiraz olmadan sənəd qəbul edilib.
Beləliklə, qədim Qarabağ oyunu – "Çövkən" YUNESKO-nun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilib və komitə adından Azərbaycana təbriklər ünvanlanıb.
Nominasiyanın qəbulundan sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan hökuməti və cəmiyyəti adından Komitəyə təşəkkürlərini bildirib. Əbülfəs Qarayev qeyd edib ki, "Çövkən" oyununun YUNESKO siyahısına daxil edilməsi bütöv bir komanda işinin nəticəsində mümkün olub. Azərbaycanın müxtəlif yerlərindən insanlar bu işə cəlb edilmişdilər. Komitənin katibliyinə göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edən Nazir, ölkəmizin beynəlxalq əməkdaşlığa açıq olduğunu vurğulayıb.
Qərarın qəbulundan dərhal sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev media nümayəndələrinə açıqlama verərək, ilk öncə bütün xalqımızı, xüsusilə Azərbaycan Respublikasını bu gün yüksək səviyyədə təmsil edən nümayəndə heyətini ürəkdən təbrik edib. Azərbaycan mədəniyyəti tarixində çox böyük bir hadisə baş verdiyini bildirən Nazir, Azərbaycanın qədim ənənələrində kök salan, bu gün də yaşayan və xalqları birləşdirən, Azərbaycan mədəniyyətini və mənəviyyatını əks etdirən milli xalq oyunumuz Çövkənin YUNESKO-nun siyahısına daxil edilməsini yüksək qiymətləndirib. Qeyd edib ki, Çövkən Qarabağ at üstü oyunu kimi Azərbaycanda çoxdan tanınır və bu gün artıq beynəlxalq ictimaiyyət tərəfindən, YUNESKO Komitəsi tərəfindən bəşəriyyətin qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edildi. Reallıq ondan ibarətdir ki, bu gün mövcud vəziyyətə görə Azərbaycanda Qarabağ atlarının cinsinin saxlanılması, Qarabağ atçılıq məktəbinin inkişafı və Qarabağ bölgəsində bu oyunun tətbiqi kifayət qədər böyük çətinlik törədir. Nazir əlavə edib ki, bu hadisə nəinki Azərbaycan mədəniyyətinin qələbəsi, eyni zamanda bütün xalqımızın qələbəsidir. Bu bizim diplomatik qələbəmizdir. Fürsətdən istifadə edib bu işlərə ilk gündən dəstəyini verən, mədəni irsimizə diqqət və qayğısını əsirgəməyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya təşəkkürünü bildirən Ə.Qarayev bildirib ki, bu uğur onların fəaliyyətinin nəticəsidir ki, bu gün Azərbaycan hər yerdə, hər bir beynəlxalq təşkilatda yüksək səviyyədə qarşılanır və Azərbaycan hər sahədə böyük mövqeyə malikdir.

Bütün xəbərlər Facebook səhifəmizdə