Özbəkistanda Firudin Səfərovun 80 illik yubileyi keçirilib FOTOLAR

Özbəkistanda Firudin Səfərovun 80 illik yubileyi keçirilib FOTOLAR

Özbəkistanın paytaxtı Daşkənd şəhərində Əlişir Nəvai adına Özbəkistan Dövlət Akademik Böyük Teatrının təşkilatçılığı, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Özbəkistandakı Azərbaycan diaspora təşkilatının dəstəyi ilə Azərbaycan və Özbəkistanın xalq artisti, görkəmli rejissor Firudin Səfərovun 80 illik yubileyi qeyd olunub. SİA-nın verdiyi xəbərə görə, yubiley mərasimində Özbəkistanın tanınmış mədəniyyət və incəsənət xadimləri, Özbəkistan ictimaiyyəti, Daşkənddəki universitetlərin müəllim və tələbələri, mətbuat nümayəndələri və bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.

Firudin Səfərovun həyat və fəaliyyətinə həsr olunmuş filmlə başlanan tədbiri giriş sözü ilə Ə.Nəvai adına Özbəkistan Dövlət Akademik Böyük Teatrının direktoru Bəxtiyar Yaqubov açaraq, Firudin Səfərovun Özbəkistandakı fəaliyyəti, onun xidmətləri barədə məlumat vermiş, yubiliyarı təbrik edib. Teatr ictimaiyyəti adından F.Səfərova Özbəkistanın milli geyimi və digər hədiyyələr təqdim olunub.

Tədbirdə Azərbaycan Respublikasının Özbəkistandakı Fövqəladə və Səlahiyyətli Səfiri Hüseyn Quliyev çıxış edib. O, Firudin Səfərovun iki xalq qarşısındakı xidmətlərini yüksək qiymətləndirmiş, onun fəaliyyətinin Azərbaycan və Özbəkistan dostluğunun möhkəmlənməsində, habelə mədəniyyətin, teatr sahəsinin inkişafında mühüm rol oynadığını bildirib.

Nəzərinizə çatdıraq ki, çıxışlardan sonra Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblının ifaları və Azərbaycan xalq mahnılarından ibarət proqram tamaşaçılara təqdim olunmuş, Firudin Səfərovun səhnələşdirdiyi "Leyli və Məcnun", "Koroğlu", "Karmen", "Otello", "Arşın mal alan" və s. bir sıra əsərlərdən parçalar nümayiş etdirilib.

Qeyd edək ki, tədbirin sonunda yubiliyar çıxış edərək, sənətinə verilən qiymətə görə tamaşaçılara, Özbəkistan və Azərbaycan dövlətlərinə dərin təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə