Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə Koreyanın "Arirang" Televiziya və Radio şirkətinin prezidenti və icraçı direktoru Sohn Jie-Ae arasında görüş keçirilib. SİA-nın məlumatına görüşdə "Arirang" Televiziya və Radio şirkətinin Xəbərlər departamentinin müdiri Kim Joong Shik, Koreyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Choi Suk-inn iştirak ediblər.

Azərbaycan ilə Koreya arasında mədəniyyət və turizm sahəsində əlaqələrin inkişafı, Koreya və Azərbaycanın mədəniyyət və turizm potensialının qarşılıqlı şəkildə mədiada işıqlandırılması və iki ölkə arasında müvafiq sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Ə.Qarayev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində Azərbaycan - Koreya əlaqələri yüksələn xəttlə inkişaf edir: "Qarşılıqlı olaraq son illərdə Koreya və Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı müxtəlif aksiyalar keçirilmiş və bu tədbirlər iki xalqın yaxınlaşmasında mühüm rol oynayıb".

Azərbaycanın inkişafına heyran olduğunu bildirən Sohn Jie-Ae ölkəmizin inkişafının onda böyük təəssüratlar yaratdığını, Koreya və Azərbaycan xalqları arasında bir sıra oxşar cəhətlərin olduğunu və bunun da əməkdaşlığın daha da yaxşı inkişafı üçün zəmin yaratdığını qeyd edib.

Görüşün sonunda müzakirə olunan məsələlərin konkret layihə şəklində hazırlanaraq mübadilə olunması barədə razılığa gəlinib.

Bütün xəbərlər Facebook səhifəmizdə