Əbülfəs Qarayev virtual dünyada hüquqların qorunmasından danışdı
"Müasir dövrdə dünyada davamlı inkişaf texnologiya və internet məkanı ilə bağlıdır". SİA-nın xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda keçirilən Ombudsmanların XI beynəlxalq konfransının ikinci günündə çıxışı zamanı deyib. O bildirib ki, artıq yeni bir situasiyanın yarandığı dərk edilməlidir: "Texnologiyaların, internetin imkanlarından istifadə etməklə hər hansı mədəni prosesi əks etdirə bilərik. Bu məkan açıqdır və ora daxil olaraq öz mədəni prosesimizi əks etdirə bilərik. Lakin burada çox incə bir xətt var. Bu xətt o birilərinin hüquqlarının tapdanması, onlara hörmətlə yanaşılmasının nəzərə alınmasıdır. Bu sual bizi düşündürməlidir. İnternet bu gün nəinki Azərbaycanda, eyni zamanda bütün dünyada paralel bir mədəni məkan yaradır. Bu gün mədəniyyət sahəsində festivallar keçirilir, bir sıra konsertlər, sərgilər, teatr tamaşaları təşkil olunur. Amma artıq bizim öyrəşdiyimiz bu üsullar cəmiyyətin və bəşəriyyətin heç 10-15%-ni də əhatə etmir".
Naziri vurğulayıb ki, bu gün gənclərin böyük əksəriyyəti öz mədəniyyətini internet şəbəkəsində görür: "Söhbət hər hansı dövlətdən getmir. Söhbət ondan gedir ki, biz internetə, virtual məkana daxil olmaqla öz mədəniyyətimizi, insan hüquqlarımızı nə qədər müdafiə edə bilərik? Bu gün hər hansı bir qonşu dövlətin nümayəndəsi internet vasitəsilə Azərbaycan mədəniyyətinə xələl gətirən hansısa addım atsa, bunun cavab mexanizmi necə olmalıdır? Bunu cəmiyyət, yoxsa fərdlər etməlidir? Düşünürəm ki, bu gün bizim əsas düşündüklərimiz və aparılan işlərin istiqaməti bu məkanda yaşayan cəmiyyətin mədəni hüquqlarını necə müdafiə edə biləcəyimizə yönəlməlidir. Bu, böyük sualdır. Təəssüf ki, nə mən, nə də bu şəbəkəni yaradan insanlar bu suala cavab verə bilməz, çünki Azərbaycanda belə bir mexanizm mövcud deyil. Müxtəlif ölkələr internetlə bağlı müxtəlif qanunlar tətbiq etsə, müdafiə sistemini təkmilləşdirsə də, onlar bunu cüzi miqdarda təmin edə bilirlər. Ona görə də insan haqları barədə, davamlı inkişaf haqqında danışarkən ilk öncə yeni məkanda, virtual dünyada öz hüquqlarımızın qorunması haqqında düşünməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB