Bu gün Muzey Mərkəzində Ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunan "Bakı dünən, bu gün, sabah" respublika sərgi-müsabiqəsinin yekun sərgisi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, media nümayəndələri və başqaları iştirak edib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev sərgi haqqında ətraflı məlumat verib: "Bu gün çox sevincli gündür. Çünki Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyidir. Ulu Öndərin ad gününü tək Azərbaycanda deyil, bir çox ölkələrdə qeyd olunur. Ümummilli Lider Heydər Əliyev siyasətçi olmaqla yanaşı, dövlətimizin memarı olub. Onun yaratdığı şəhər obrazı hər zaman tariximizdə yaşayacaq. Elə bu sərginin də Ümummilli Lider Heydər Əliyevin ad günü ilə eyni gündə yekununu keçiririk".
Daha sonra Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov çıxış edərək Ulu Öndər Heydər Əliyev haqqında öz fikirlərini söyləyib: "İlk öncə nəzərinizə çatdırım ki, Ümummmilli Lider Heydər Əliyev Bakını sevən şəxsiyyət olub. Onun paytaxtımızda etdiyi dəyişikliklərə insanları valeh edir. Bir sözlə, Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevlə fəxr etməlidir".
"Bakı dünən, bu gün və sabah" respublika sərgi-müsabiqəsi 2012-ci il oktyabrın 9-dan 2013-cü il aprelin 15-dək elan olunub. Müsabiqəyə təqdim olunan əsərlər ölkə paytaxtının tarixi keçmişini, bu gününü və gələcək inkişaf perspektivlərini əks etdirir.
12 mövzu üzrə əsərlərin təqdim olunduğu "Bakı dünən, bu gün və sabah" respublika sərgi-müsabiqəsi Bakı şəhərinin tarixi keçmişini, bu gününü və gələcək inkişaf perspektivlərini əks etdirən, yüksək sənət tələblərinə uyğun, ideya və məzmunca Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət edən yeni incəsənət əsərlərinin yaradılması məqsədi ilə keçirilir.
Sərgidə 70-dək rəssamın 100-ə yaxın rəngkarlıq, qrafika və kiçik həcmli heykəltəraşlıq əsərləri nümayiş olunub.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan Rəssamlar İttifaqı, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi, Azərbaycan Dövlət Rəsm Qalereyası və "Xətai" Sənət Mərkəzi ilə birlikdə keçirilən sərgi mayın 17-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB