Direktor: "Teatrın heyətində əsaslı dəyişikliklər etmək üçün..."

Direktor: "Teatrın heyətində əsaslı dəyişikliklər etmək üçün..."

103-cü mövsümünü yaşayan Musiqili Komediya Teatrı gənc və istedadlı kadrların teatra cəlb edilməsinə xüsusi diqqət yetirir. Son vaxtlar kollektivə daha çox yaradıcı gənclər dəvət olunub. Onların arasında aktyorlar, rejissorlar, balet artistləri, rəssamlar, yeni müəlliflər, dirijorlar, ifaçılar, musiqiçilər və texniki işçilər də var. Teatrda daha bir müsabiqəyə başa çatıb və bu həm aktyor heyətinə, həm də xor və balet kollektivlərinə ümidverici gənclər seçilməsinə imkan verib.

Bu barədə SİA-ya açıqlama verən teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev bildirib ki, teatrın heyətində əsaslı dəyişikliklər etmək üçün belə müsabiqələrin keçirilməsi çox vacibdir: "Biz istəyirik ki, istedadlı gənclərə yol açaq. Bu, yenicə təmirdən çıxacaq teatrda xüsüsilə lazımdır. İstər yaradıcı qrup üçün, istərsə də texniki heyət üçün geniş iş şəraiti yaradılır. Bizim öhdəmizə düşən həm aktyor, həm də orkestr, xor və balet heyətlərinin tərkibini möhkəmlətmək, yeni gənc və istedadlı kadrları teatra cəlb etmək, cari repertuarı zənginləşdirmək düşür. Müsabiqə də məhz bu məqsədə xidmət edirdi".

Məlumat üçün bildirək ki, müsabiqə qalibləri arasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Bakı Musiqi Akademiyasının, İncəsənət Gimnaziyasının hətta Gəncə Dövlət Universitetinin tələbələri də var.

Qeyd edək ki, müsabiqə iştirakçılarından Əlif Cahangirov aktyor heyətinə, Sadiq Məlikov, Nazəni Qurbanova, Fatma Əhmədova, Rafael Əliyeva, Rəna Süleymanova, Rəmail Bayramlı xor heyətinə, Cavid Babayev isə balet heyətinə qəbul ediliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə