Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə cıxış edən ABİ-nin sədri, xalq artisti Firəngiz Əlizadə Azərbaycan xalqının Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı kədərli anlarını yaşadığını diqqətə çatdırıb: "Bizim həyatımız təkcə bayram və xoş hadisələrdən ibarət deyil. Xocalı soyqırımı hər birimizin unutmadığı dəhşətli faciələrdən biridir. Xocalı bizim tariximizin unudulmayan qanlı səhifəsidir. Azərbaycan bəstəkarları da xalqımızın şad və kədərli günlərinə hər zaman sadiq qalaraq öz əsərlərində bu anları yaşatmağa çalışıblar. Onların yaradıcılıqlarında Xocalı mövzusuna müraciət edərək müxtəlif janrlarda əsərlər yaradıblar. Bunlardan Məmməd Quliyevin "Simfoniya-Rekviyem", Azər Rzayevin "Bakı-90" əsərlərini xüsusi qeyd etmək istərdim".
Sonda F.Əlizadə Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən düzgün hüquqi-siyasi qiymət veriləcəyinə və ədalətin bərqərar olacağına əminliyini bildirib.
Anma tədbirində ABİ-nin katibi, əməkdar incəsənət xadimi Zemfira Qafarovanın "Azərbaycan musiqisində Xocalı səhifələri" mövzusunda məruzəsi dinlənilib.
Tədbirdə beynəlxalq müsabiqə laureatı Ümidə Abbasova (violin) və Bakı Musiqi Akademiyasının tələbəsi Tofiq Şıxıyevin (professor Oqtay Abbasquliyevin sinfi) royalda ifasında F.Şopenin "Matəm marşı"ı, C.Villiamsın "Şindlerin siyahısı" filmindən musiqilər dinlənilib. Həmçinin mərhum bəstəkar Məmməd Quliyevin "Simfoniya-Rekviyem"in videoyazısı nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB