"Eurovision- 2013" təmsilçimizin seçiminə başlanılıb

"Eurovision- 2013" təmsilçimizin seçiminə başlanılıb

Azərbaycanı İsveçin ev sahibi olduğu 58-ci Eurovision Mahnı Müsabiqəsində təmsil edəcək ifaçının seçimi məqsədilə İctimai Televiziyanın canlı efirində milli seçim turlarının növbəti mərhələsi start götürüb. SİA-nın məlumatına görə, Milli Seçim turlarının ilkin dinləmə mərhələsindən keçən ifaçılar növbəti turda mübarizələrini davam etdirirlər. 2013-cü ildə Eurovision Mahnı Müsabiqəsində ölkə təmsilçiliyinə iddialı şəxslər dekabrın 17-dən başlayaraq İctimai Televiziyanın canlı efirində yarışırlar. Milli Seçim turunun bu mərhələsi 8 həftə müddətində nəzərdə tutulub. İlkin dinləmə mərhələsinə sənəd verən 128 iddialı arasından seçilən 80-ə yaxın ifaçı 8 qrupda yarışacaq. İlk həftənin iştirakçıları bunlardır:

- "New skin" qrupu

- Cahangir Qasımzadə

- Mədinə Muradxanova

- Vüqar Muradov

- Anna Zemçenko

- Nigar Əlizadə

- Elqiz Məmmədov

- Rinat Alimov

- Tomris Naibli

Ölkə təmsilçiliyi uğrunda mübarizə aparan ifaçılar həftənin 5 günü ərzində milli seçim turunun xüsusi proqramını yerinə yetirməlidirlər. Onlar həftənin bazar ertəsi "Avroviziya" hitlərini, çərşənbə axşamı Azərbaycan estradasından nümunələri, çərşənbə günündə isə dünya hitlərini səsləndirirlər. Həftənin 4-cü günü ölkə təmsilçiliyinə iddialı gənclər səhnə şousu nümayiş etdirməlidirlər. Cümə günü milli seçim turu iştirakçılarına repertuar seçimində sərbəstlik verilib. Onlar ilk 4 gün müddətində ən uğurlu hesab etdikləri çıxışı yenidən göstərmək imkanına malikdirlər. Eyni zamanda hər cümə həftənin qalibi müəyyən olunur. Qalib münsiflər heyəti və tamaşaçıların birgə rəyinə əsasən seçilir. Milli seçim turunun bu mərhələsindən keçən 8 yarımfinalçı növbəti mərhələdə finala vəsiqə qazanmaq uğrunda rəqabət aparacaq.

Qeyd edək ki, Milli seçim turunun gələn il martın ortalarında başa çatdırılması nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə