Gənc Tamaşaçılar Teatrında görkəmli sənətkar, teatr və kino aktyoru, əməkdar artist Məmmədağa Dadaşovun anadan olmasının 100 illik yubileyinə həsr olunan yubiley gecəsi keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan teatrın direktoru, əməkdar artist Mübariz Həmidov Məmmədağa Dadaşovun çoxşaxəli yaradıcılığına nəzər salaraq aktyorun Azərbaycanın teatr salnaməsindəki yerindən danışıb: "Bizim missiyamız Məmmədağa Dadaşovun banilərindən biri olduğu, 85 illik qədim və şərəfli tarixə malik Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrını gələcək nəsillərə ötürərək, cismən bizdən ayrı olan bu korifey sənətkarı daim qəlblərdə yaşatmaqdır".
Xalq artisti, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov yubilyarın komediya, faciə, nağıl-tamaşalarda yaratdığı müxtəlif xarakterli obrazlar qalereyasının, bir-birindən fərqli ampluaların gənc nəslin aktyorları üçün zəngin məktəb olduğunu diqqətə çatdırıb. Xalq Artisti Yasin Qarayev, Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Cəfər Namiq Kamal və başqaları sənətkarla bağlı xatirələrini dilə gətiriblər.
Tədbirdə müğənni Təranə Mahmudova, aktrisa Almaz Mustafayeva, Dadaşovlar soyadının layiqli davamçısı Dövlət Rus Dram Teatrının aktrisası Həcər Ağayeva mahnılar səsləndirib, Musiqi Komediya Teatrının Yaradıcılıq Studiyasının "Təbəssüm" rəqs qrupu və Dadaşovlar nəslinin daha bir davamçısı İncəsənət Gimnaziyasının müəllimi, rəqqas Tahir Eynullayev rəqslər ifa ediblər.
Məlumat üçün bildirək ki, tədbirin quruluşçu rejissoru və ssenari müəllifi Nicat Kazımov olub.
Foto Türkan Məmmədliyə məxsusdur:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB