“Varlı qadın” bu dəfə Krımda

Dramaturq Əli Əmirlinin "Varlı qadın" komediyası Simferopolda 110 yaşlı Krım-Tatar Akademik Musiqili Dram Teatrında tamaşaya qoyulub. Bu barədə SİA-ya dramaturq açıqlamasında bildirib. Onun sözlərinə görə, tamaşaçıların hərarətlə qarşıladığı komediyanın növbəti premyerası noyabrın 20-də olacaq. Tamaşanın quruluşçu rejissoru Ukraynanın əməkdar artisti Rinat Bektaşevdir.

Başqırdıstanın Ufa şəhərində keçirilən Beşinci "Tuqanlıq" Beynəlxalq Teatr festivalında Dağıstanın Kumık Dövlət Musiqili Dram teatrı kollektivinin ifasında iki nominasiya üzrə əsas mükafata layiq görülən "Varlı qadın" Krım teatrının Azərbaycan dramaturgiyasına üçüncü müraciətidir. Bundan əvvəl teatr Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettasını və Elçinin "Şekspir" əsərini "Xəstə könül" adı ilə tamaşaya qoyub.

Onu da qeyd edək ki, Əli Əmirlinin "Varlı qadın"ı ölkəmizin əksər teatrlarında, o cümlədən Akademik Milli Dram Teatrında, habelə Tacikistan, Qırğızıstan, Qazağıstan, Rusiya və Özbəkistanın bir sıra teatrlarında tamaşaya qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə