“Mənim bayrağım – mənim şərəfim”

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tədbir keçirib
“Mənim bayrağım – mənim şərəfim”

"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi (İB) öz fəaliyyət istiqamətinə uyğun olaraq davamlı şəkildə müxtəlif layihələr həyata keçirir. Bu tədbirlər əsasən gənc nəslin milli-vətənpərvərlik ruhda tərbiyə olunması və onların öz tariximizə, mədəniyyətimizə daha dərindən bələd olmaları məqsədi daşıyır.

İB-dən bildiriblər ki, növbəti belə bir tədbir ölkəmizdə təntənəli şəkildə qeyd edilən 9 noyabr - Dövlət Bayrağı Gününə həsr edilib.
Kəlbəcər rayon məktəbliləri ilə birgə "Mənim bayrağım – mənim şərəfim" mövzusunda keçirilən tədbirdə rayon ağsaqqalları, mədəniyyət xadimləri, şagird və tələbələr iştirak ediblər.

Məlumat verilib ki, Azərbaycanda üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilib. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra üçrəngli bayrağımızın adını çəkmək belə qadağan olunub.

Üçrəngli bayrağımız ikinci dəfə 1990-cı il noyabrın 17-də ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa olunmuş və muxtar respublikanın dövlət bayrağı kimi qəbul edilib. Sonra isə dövlət bayrağımız Azərbaycanın bütün bölgələrində dalğalanıb.

Bildirilib ki, Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzalayıb.

Tədbirdə məktəblilər üçrəngli bayrağımız haqqında şeirlər söyləmiş, qonaqlar bayrağın müqəddəsliyi və dəyəri haqqında fikirlərini məktəblilərlə bölüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə