Xalq artisti, görkəmli bəstəkar Emin Sabitoğlunun 75 illik yubileyi ilə bağlı Musiqili Komediya Teatrının kollektivi onun müəllifi olduğu "On minlik kef" əsəri əsasında hazırlanan "www. ferzeli-kef.com" tamaşasını nümayiş etdirib. SİA-nın məlumatına görə, tamaşada xalq artistləri İlham Namiq Kamal və Fatma Mahmudova, aktyorlar Novruz Qartal, Məhərrəm Qurbanov, Ağaxan Şərifov və başqaları çıxış edib. Tamaşa Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının binasında oynanılıb.
Teatrın direktoru Əliqismət Lalayev açıqlamasında bildirib ki, Emin Sabitoğlu Azərbaycan professional musiqisinə müxtəlif mövzulu operettaları, simfoniyası, skripka və fortepiano üçün poeması, bir-birindən gözəl çoxlu estrada mahnıları ilə daxil olub: "Onun yaradıcılığında teatr tamaşalarına və filmlərə yazdığı musiqi də çox önəmlidir. Emin Sabitoğlu onlarla filmin və teatr tamaşasının musiqi müəllifi olub. Musiqili Komediya Teatrının repertuarında yer alan "www.ferzeli-kef.com" tamaşası da bəstəkarın ən uğurlu işləri sırasına daxildir".
Qeyd edək ki, tamaşadan öncə əməkdar mədəniyyət işçisi Telli Pənahqızı çıxış edərək bəstəkarın həyat və yaradıcılığı barədə məlumat verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB