Üzeyir Hacıbəylinin isə 127-ci ildönümüdür
Bu gün “Milli Musiqi Günü”dür

Bu gün dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günüdür. SİA-nın məlumatına görə, bu münasibətlə Azərbaycanda "Milli Musiqi Günü" qeyd olunur.

Xatırladaq ki, Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyli 1885-ci il sentyabrın 18-də Şuşanın Ağcabədi kəndində dünyaya gəlib. Kənd mirzəsi ailəsində doğulan Üzeyir valideynləri Ağcabədidən Şuşaya köçdükdən sonra ilk təhsilini buradakı ikisinifli rus-türk məktəbində alıb.

Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri Hacıbəyovun musiqi tərbiyəsinə müstəsna təsir göstərib. Onun ilk müəllimi Azərbaycan musiqisinin gözəl bilicisi, dayısı A.Əliverdibəyov olub. O, 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alır. Seminariyanı bitirdikdən sonra Üzeyir Hacıbəyli 1904-cü ildə Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilir.

Ü.Hacıbəyli Rusiyada 1905-1907-ci illər inqilabı ərəfəsində Bakıya gəlmiş, Bibiheybətdə, sonralar isə "Səadət" məktəbində dərs demiş, 1907-ci ildə Bakıda Azərbaycan türkcəsində "Hesab Məsələləri" və "Mətbuatda İstifadə olunan Siyasi, Hüquqi, İqtisadi və Əsgəri Sözlərin Türki-Rusi və Rusi-Türki Lüğəti"ni nəşr etdirmişdi.

Dahi bəstəkar bədii yaradıcılığa publisistika ilə başlayıb. Onun "Kaspi", "Həyat", "İrşad", "Tərəqqi", "Həqiqət", "İqbal", "Yeni İqbal" qəzetlərində və "Molla Nəsrəddin" jurnalında "Ordan-burdan", "O yan-bu yan" və s. başlıqlar altında "Ü", "Filankəs", "Behmankəs" və s. gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürləri çap olunub.

1908-ci il yanvarın 12-də (yeni üsulla 25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasının qoyulması da Hacıbəylinin adı ilə bağlıdır. Operanın librettosu Füzulinin eyni adlı poeması əsasında yazılır.

Hacıbəyli 1909-1915-ci illərdə bir-birinin ardınca "Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas və Xurşud banu" (1912), "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915) muğam operaların librettosunu xalq dastanları və rəvayətlər, Firdovsinin "Şahnamə" əsərinin motivləri əsasında yazmışdı. O, "Leyli və Məcnun"dakı üslub xüsusiyyətlərini və estetik sənət prinsiplərini sonrakı operalarında da davam etdirdi.

O, Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır (komediyalarının mətnini də özü yazıb). Onun "Ər və Arvad" (1909, ilk tamaşası: 1910), "O Olmasın, bu Olsun" (1910, ilk tamaşası: 1911), "Arşın Mal Alan" (1913) musiqili komediyalarında inqilabdan əvvəlki Azərbaycan məişəti, xalq adət və ənənələri əksini tapıb. Hacıbəyli 1911-ci ildə musiqi təhsilini artırmaq üçün Moskvaya getmiş, həmin il burada filarmonik cəmiyyətin musiqi kurslarında, 1913-cü ildə isə Peterburq konservatoriyasında oxuyub. Peterburq dövrü Üzeyir yaradıcılığında mühüm rol oynamış, o, "Arşın Mal Alan" musiqili komediyasını məhz burada yaratmışdı.

1937-ci il aprelin 30-da Azərbaycan Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan "Koroğlu" operası (librettosu H.İsmayılov və M.S.Ordubadinindir) Hacıbəyov yaradıcılığının zirvəsini təşkil edir. Azərbaycan opera sənətinin incilərindən sayılan bu operada Üzeyir bəy ilk dəfə olaraq klassik opera formasına riayət edərək bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri, reçitativlər ərsəyə gətirib.

Hacıbəylinin "Arşın Mal Alan" musiqili komediyası ingilis, alman, çin, ərəb, fars, polyak, ukrayna, belorus, gürcü və s. dillərə tərcümə edilib.

Üzeyir bəy Hacıbəylinin anadan olmasının 100 illik yubileyi böyük təntənə ilə keçirilib. YUNESKO-nun görkəmli şəxsiyyətlərin ildönümü və 1985-ci ilin mühüm hadisələri təqviminə əsasən, Hacıbəylinin yubileyi beynəlxalq miqyasda da qeyd edilmişdi. O, bəstəkar Zülfüqar Hacıbəylinin qardaşıdır.

Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin doğum günləri uzun illərdir ki, Azərbaycanda "Milli Musiqi Günü" kimi qeyd olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə