Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru xalq artisti Cənnət Səlimovanın vəzifəsindən kənarlaşdırılması ilə bağlı yerli mətbuatda yazılar dərc olunub. SİA bu məsələ ilə bağlı teatrla əlaqə saxladı.
Teatrın mətbuat xidmətinin rəhbəri Hüsniyyə Mursaquliyevadan aldığımız məlumata görə, rejissorun işdən çıxarılması yalandır: "Teatrın mövsümə bağlanması ilə bağlı iclasda bu məsələ haqqında heç nə deyilməyib. Buna görə də rejissorun vəzifəsindən uzaqlaşdırılması rəsmi təsdiqlənməyib. Əgər belə bir hal olsa belə, bu sentyabrda, yəni yeni mövsümün açılışında olacaq. Bu cür söz- söhbətin yayılmasına hələlik heç bir əsas yoxdur".
Məlumat üçün bildirək ki, yerli mətbuatda tanınmış rejissor, "Şöhrət" ordenli xalq artisti Cənnət Səlimovanın sözügedən vəzifədən kənarlaşdırıldığı dərc olunmuşdu. Hətta teatrın baş rejissoru vəzifəsinə kimin gələcəyi belə artıq məlumdur. Onun yerinə teatrda bir çox tamaşaların müəllifi olan əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanov təyin olunub. C.Səlimova isə teatrda fəaliyyətini rejissor kimi davam etdirəcək.
Qeyd edək ki, teatrdaxili qalmaqallardan sonra Cənnət Səlimovanın baş rejissorluqdan çıxarılacağı ilə bağlı söz-söhbətlər gəzirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB