Kinorejissor Yalçın Əfəndiyevin 75 yaşı tamam olur

Kinorejissor Yalçın Əfəndiyevin 75 yaşı tamam olur

İyulun 24-də tanınmış kinorejissor, xalq artisti Yalçın Əfəndiyevin 75 yaşı tamam olur. SİA-nın məlumatına görə, ömrünün 50 ildən çox hissəsini kinoya həsr edən istedadlı sənətkarın kino yaradıcılığı milli kinematoqrafın parlaq səhifələrindən birini təşkil edir. Milli kinomuzu, tarixin çətin dövründə Yalçın Əfəndiyev, mənliyini və simasını qoruyaraq, öz yaradıcılığında ardıcıllığı və özünəməxsusluğunu saxlaya bilib.

Yalçın Heydər oğlu Əfəndiyev 1937-ci il iyulun 24-də Bakıda ziyalı ailəsində anadan olub. 1960-cı ildə ADU-nu bitirdikdən sonra öz təhsilini Moskvanın Kinematoqrafiya İnstitutunda davam edib və 1966-cı ildə oranı bitirərək "Azərbaycanfilm" kinostudiyasında fəaliyyətə başlayıb. Yalçın Əfəndiyevin yaratdığı filmlər, ölkəmizin tarixini, mədəniyyətini əks etdirən, insan münasibətlərinin mürəkkəb çalarlarını özünəməxsus dərin psixoloji üsullarla göstərən bir sənətçidir. Onun çəkdiyi "Odla təmasda", "Naxışların yaddaşı", "Xatirələr sahili", "Dostluğun təntənəsi, "Ovçu, vurma məni", "Sənin həyat mövqeyin", "Azərbaycan İncəsənəti", "Hikmətli miniatürlər", "Ağrılı yaddaş", "İrsimizin sorağında" sənədli və bədii filmlər bu gün də tamaşaçı tərəfindən rəğbətlə qarşılanaraq maraqla baxılır.

Yalçın Əfəndiyev, çəkdiyi filmlərdə həmişə peşəkarlıqla seçilən, həmkarlarına və dostlarına qayğı ilə yanaşan və heç kimdən öz köməyini əsirgəməyən bir sənətkar kimi sevilir və həmkarları onun simasında əsl ziyalılığı əks etdirən insanı görürlər.

Xalq artisti fəxri adına layiq görülən Yalçın Əfəndiyev Azərbaycan Professional Kinorejissorlar Gildiyasının yaradıcılarından və ən fəal təşkilatçılarındandır. O, Kinorejissorlar Gildiyası Bürosunun üzvü olaraq bir çox layihələrin reallaşmasında iştirak etmiş, Beynəlxalq Audiovizual festivalın münsiflər heyətinin sədri olaraq gənclərin yaratdığı əsərlərə obyektiv qiymət verilməsində prinsipiallıq və ardıcıllıq göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə