Rusiyanın \"Eurovision-2012\" təmsilçiləri Azərbaycan dilindən ustad dərsi keçib

Rusiyanın Udmurt Respublikasının Azərbaycan İcması bu ölkənin \"Eurovision-2012\"-dəki təmsilçisi \"Buranovskiye babuşki\"nin üzvlərinə Azərbaycan dili üzrə ustad dərsləri təşkil edib. SİA-nın eurovision.az saytına istinadən verdiyi məlumata görə, Ümumrusiya Azərbaycanlıları Konqresinin Udmurtiya üzrə regional bölməsinin icraçı direktoru Ceyhun Babayev bəzi Azərbaycan və udmurt sözlərinin eyni kökə malik olduqlarını və bu səbəbdən də nənələrə dilimizi asanlıqla öyrətdiklərini bildirib. \"Nənələr hər şeyi asanlıqla qavrayırlar və Azərbaycan sözlərini səlist tələffüz edirlər\".

Hələlik nənələr \"ana\", \"ata\", \"salam\", \"sağ olun\" və \"biz qalib gələcəyik\" kimi sözləri öyrənməyə müvəffəq olublar. Qrupun mətbuat katibi Svetlana Sarıqinanın sözlərinə görə, nənələr Azərbaycan dilini pərəstişkarlarla asanlıqla ünsiyyətdə olmaq üçün öyrənirlər.

Xatırladaq ki, Rusiyanı təmsil edəcək \"Buranovskiye babuşki\" mayın 22-də keçiriləcək birinci yarımfinalda \"Party for everybody\" mahnısı ilə çıxış edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə