Bu gün "Akademiya" Kitab mərkəzində "Birliyə Doğru" Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyinin "Danışan kitablar" adlı yeni layihəsinə start verildi. SİA-nın məlumatına görə, "Mənə savad VER!!!" şüarı altında təşkil edilən "Danışan Kitablar" layihəsinin məqsədi internat məktəbləri və uşaq evlərində yaşayan kimsəsiz uşaqların dünyagörüşünün artırılması, onların cəmiyyətə baxışının formalaşdırılmasıdır. Üç ay ərzində davam edəcək layihənin ilk görüşü bu gün Akademiya kitab məkəzində baş tutdu.
Tədbirdə Türkan qəsəbəsində yerləşən Elmar Mirzəyev adına nitq qüsurlu Uşaq Evindən 12 kimsəsiz uşaq cəlb olundu. "Birliyə Doğru" İctimai Birliyinin rəhbəri Zərifə Quliyeva layihənin məqsədi, təşkilatın missiyası haqqında tədbir iştirakçılarına məlumat verdi. "Akademiya" Kitab Mərkəzinin rəhbəri Yeganə Zeynalova layihənin əhəmiyyətindən və uşaqların təhsil almasının vacibliyindən danışdı.
İlk tədbirdə uşaqlarla görüşə tanınmış yazıçılar Aqşin Yenisey və Günel Mövlud gəldi. Onlar öz yaradıcılıqları, dünya və Azərbaycan ədəbiyyatının klassikləri haqqında məlumat verdilər və uşaqlarla maraqlı müzakirələr apardılar.
Tədbirin sonunda yazıçılar imzalı kitablarını uşaqlara təqdim etdilər.
Bununla yanaşı kitab mərkəzinin rəhbəri Yeganə xanım mütailə etmək üçünkimsəsiz uşaqların hər birinə iki ədəd kitab hədiyyə etdi.
Daha sonra uşaqlar Park Bulvar ticarət mərkəzində yerləşən TUSI BOHM PLANETARIUM-a aparıldı və günün davamının əyləncəli şəkildə keçirilməsi təmin olundu.
Layihəyə təşkilatı dəstəyi "Akademiya" Kitab Mərkəzi, TUSI BOHM PLANETARIUM, Vinni Kulinariya göstərdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB