Əməkdar rəssam Fikrət Əhədovun 75 illik yubleyinə həsr olunan kino gecəsi keçirilib - FOTO

Əməkdar rəssam Fikrət Əhədovun 75 illik yubleyinə həsr olunan kino gecəsi keçirilib - FOTO
Bu gün Muzey Mərkəzində əməkdar rəssam Fikrət Əhədovun 75 illik yubleyinə həsr olunan kino gecəsi keçirilib. SİA-nın məlumatına görə, ilk olaraq F.Əhədovun həyat və yaradıcılığından bəhs edən video çarx nümayiş olunub.


Tədbirdə çıxış edən Dövlət Film Fondunun rəhbəri Cəmil Quliyev bildirib ki, Fikrət hər bir filmin çəkilişində yaxından iştirak edirdi: \"Yaradıcı qrupun fəaliyyətini izləyir, hərdən çəkilən epizodun tərtibatı ilə əlaqədar yerindəcə xırda düzəlişlər verirdi. Eskizlər əsasında qurulan dekorasiyaların, geyimlərin, məişət əşyalarının köməkliyi ilə bəhs edilən dövrün xarakteristikasını qabarıq şəkildə göztərməyi bacarırdı. Kənd həyatına həsr olunan "Gilas ağacı", "Şəhərli biçinçilər" və "Kişi sözü" filmləri buna misal ola bilər\".


Kinoşünas Aydın Kazımzadə isə vurğulayıb ki, F.Əhədov təkcə bədii filmlərə eskizlər hazırlamaqla kifayətlənməyib, o həm də "Nəğməkar torpaq" (1981) film-konsertinin, "Bir gün axşam" (1985), "Kürən" (1989), "Yaramaz Kral" (1990), "Şahzadə qız" (1991), "Ad günü" animasiya, "Cəfər Cabbarlı" (1969), "Solmaz bir bahar kimi" (1979) sənədli, "Peşimançılıq" (1974) elmi - kütləvi filmlərin də rəssamı idi: \"O, eyni zamanda özünə xas olan rəngkar və akvarelist kimi də sənətsevərlərin hörmətini qazanmışdı. Təsadüfi deyil ki, Əhədovlar ailəsini kinematoqrafçılar və rəssamlar ailəsi adlandırırlar. Fikrətin həyat yoldaşı tanınmış kino rəssamı, animator Firəngiz Qurbanova artıq neçə illərdir ki, milli kinomuzun inkişafına öz əməyini əsirgəmir. Oğlu və gəlini də kino rəssamıdır\".


Məlumat üçün bildirək ki, muzeyin foyesində rəssamın həyat və yaradıcılığına həsr olunan şəkillər nümayiş olunub.


Qeyd edək ki, tədbir Dövlət Film Fondunun təşkilatçılığı ilə baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə