Mübariz İbrahimovun qəhrəmanlığı “Mübarizli Vətən”də nümayiş etdirilib- FOTOSESSİYA

Mübariz İbrahimovun qəhrəmanlığı “Mübarizli Vətən”də nümayiş etdirilib- FOTOSESSİYA

Bu gün Gənc Tamaşaçılar Teatrında Milli Qəhrəman Mübariz İbrahimova həsr olunan "Mübarizli Vətən" adlı ədəb-bədii tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən teatrın direktoru Mübariz Həmidov bildirib ki, bugünkü tədbir davamlı layihələrdən biridir: \"Baxmayaraq ki, Mübariz İbrahimov haqqında bir çox yazılar dərc olunub, ancaq bu yenə də kifayət etmir. Onun qəlbində bütöv Azərbaycan boyda vətənpərvərlik sevgisi var idi. Şəhidlik zirvəsi hər gəncə verilmir. Lakin onun vətən uğrunda göstərdiyi qəhrəmanlığa görə bu ad ona layiq idi\".

Tədbirdə bir sıra elm, incəsənət və mədəniyyət xadimləri çıxış edərək Mübariz İbrahimovun qəhrəmanlığının Azərbaycanın yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasındakı əhəmiyyəti, onların torpağa məhəbbət hislərinin formalaşmasında, Vətənə, xalqa sədaqət və mübarizlik əzmini gücləndirmək məqsədi daşıması haqqında fikirlərini bölüşüblər.

Tədbirdə həmçinin şairə Fəridə Ləmanın Mübariz İbrahimova həsr etdiyi "Təəssüb" poeması əsasında hazırlanan "Mübarizli Vətən" ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Kompozisiyanın quruluşçu rejissoru xalq artisti Ağaxan Salmanlı olub.

Qeyd edək ki, tədbir Gənc Tamaşaçılar Teatrının, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin "Bura Vətəndir" Məclisi və Qadınlar Şurasının birgə layihəsi çərçivəsində həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə