Nurəddin Mehdixanlı: “Qadın məhəbbəti” tamaşasından imtina etməyimə başqa don geyindirmək cəfəngiyatdır”
Son vaxtlar teatrlar gündəmə premyeralarla, tamaşalarla deyil daha çox qalmaqal və mübahisələrlə gəlir. Gənc Tamaşaçılar Teatrında baş verən qalmaqal səngiməmiş, indi də Akademik Milli Dram Teatrındakı sorunlarla bağlı xəbərlər yayılıb. Ölkənin baş teatrında Viktor Hüqonun "Mariya Tüdor" pyesi əsasında hazırlanan "Qadın məhəbbəti" tamaşasında oynamaqdan üç aktyor - xalq artistləri Ramiz Novruzov, Ramiz Məlik və Nurəddin Mehdixanlı imtina edib. Buna səbəb kimi isə aktyorları tamaşanın səviyyəsinin qane etməməsi göstərilir. Deyilənlərin nə dərəcədə real olduğunu öyrənmək məqsədilə tamaşada Vali rolunu oynamaqdan imtina etdiyi bildirilən Nurəddin Mehdixanlıyla söhbətləşdik. Ancaq xalq artisti yayılan məlumatların reallığı əks etdirmədiyini və bu cür məlumatların qərəzli olduğunu bildirdi: "Teatrda bir necə tamaşa oynanılır, kərkin iş gedir. Bir aktyorun eyni zamanda bir necə tamaşada oynaması həm vaxt, həm gərgin iş baxımından çətin olur. İntensiv iş qrafikini nəzərə alaraq hərdən bu cür addımlar atmaq zərurəti yaranır. Hazırda teatrda paralel olaraq bir neçə tamaşada oynayıram. \"Qadın məhəbbəti\" tamaşasında vaxt qıtlığı üzündən iştirak edə bilmirəm. Bu teatrın daxili işidir və problem üçün heç bir səbəb yoxdur. Bir daha təkrar edirəm ki, belə hallar teatr üçün spesifikdir. Görünür bekar adamlar bundan öz mənafeləri üçün istifadə etmək istəyirlər".
Xalq artisti bu cür iyrənc fikirləri yayanlara ciddi işlərlə məşğul olmağı məsləhət gördü: "Teatrda daha ciddi və yaradıcılıq tələb edən işlər var. Bu üzdən çox məşğulam və artıq söhbətlərə baş qoşmağa vaxtım yoxdur".
Qeyd edək ki, Akademik Milli Dram Teatrında V.Hüqonun "Mariya Tüdor" pyesi və Mehdi Məmmədovun tərcüməsi əsasında hazırlanan "Qadın məhəbbəti" tamaşanın janrı iki hissəli Şekspirsayağı dram kimi müəyyənləşdirilib. Quruluşçu rejissoru Gümrah Ömər olan tamaşada, kraliça rolunu xalq artisti Məleykə Əsədova ifa edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB