Məşədi İbad İrana gedəcək

Azərbaycan əsilli məşhur İran rejissoru Yadulla Səmədi dahi bəstəkarımız Üzeyir Hacıbəylinin "O olmasın bu olsun" operettası əsasında yeni musiqili bədii film çəkəcək. Azərbaycan və İran aktyorlarının birgə çəkiləcəyi film "Məşədi İbad" adlanacaq.


Yadulla Səmədi filmlə bağlı danışıqlar aparmaq, aktyorları seçmək məqsədilə iki həftəyə yaxındır ki Bakıda səfərdədır. SİA-nın məlumatına görə, o, səfər çərçivəsində bu gün mətbuat konfransı keçirib.


Jurnalistlərin suallarını cavablandıran rejissor deyib ki, filmdə Məşədi İbad rolunu İran aktyoru canlandıracaq. Afaq Bəşirqızı qulluqçu Sənəm, Rasim Balayev isə Rüstəm bəy rolunda çıxış edəcəklər. Digər obrazların ifaçıları isə hələ də müəyyənləşməyib: "Biz hətta çoxlu tələbələrlə də görüşdük. Amma Gülnaz və Sərvər roluna uyğun bizi qane edən bir adam da tapmadıq. Bu baxmayaraq axtarışlarımız davam edəcək. Bəzi sınaq çəkilişləri etmişik. İrana gedəndən sonra onlar arasında seçim edəcəyik. Onu deyə bilərəm ki, qonaqlıq səhnəsində muğam parçası oxuyan xanəndə Alim Qasımov olacaq".


Y. Səmədi filmin əsas çəkilişlərinin Azərbaycanda aparılacağını deyib. Lakin məkanlar hələ tapılmayıb: "Əsərdə təsvir olunan köhnə Bakıdan əsər-əlamət qalmayıb. İçərişəhərə getdik baxdıq, bazar səhnəsinin orda çəkilməsi mümkün deyil. Eləcə də hamam səhnəsi. İndi bütün hamamlarda sauna, cakuzi var. Odur ki, bizə uyğun məkanları bölgələrdə axtarmalı olacağıq. Bəzi səhnələr isə İranda pavilyonda çəkiləcək". Çəkilişlər mart ayında başlayacaq və üç ay müddətində davam edəcək. Filmin yaradıcı heyəti isə ancaq iranlılardan ibarət olacaq.


"Filmdə rejissorun öz baxışı olacaq, yeni üslub ortaya qoyulacaq. İlkin variantda gördüyümüz filmdən fərqli olaraq, hətta bəzi epizodlarda dəyişikliklər də ediləcək. Lakin Üzeyir bəyin əsərinə xələl gətirməmək şərtilə. Bu filmi çəkməkdə əsas məqsəd Üzeyir bəyi İran xalqına tanıtmaqdır. İranda 75 milyona qədər əhali yaşayır. Onların heç bir faizi də Üzeyir Hacıbəylini tanımır". Bunları isə Tehranda Azərbaycan mədəniyyəti və incəsənəti mərkəzinin rəhbəri Abdulla Əsədullayi mətbuat konfransındakı çıxışı zamanı söyləyib. Hansı epizodlarda dəyişiklik ediləcəyi də açıqlanıb. Məsələn, Tofiq Tağızadənin çəkdiyi "O olmasın, bu olsun" filmində Məşədi İbad hambalın pulunu vermir. "Məşədi İbad"da isə əksinə olacaq, bir abbasını artıqlaması ilə hambala qaytaracaq. Digər yeniliklər isə sürpriz olaraq gizli saxlanıldı. Filmin büdcəsinin də nə qədər olduğu hələ açıqlanmadı. Bircə o məlumdur ki, Azərbaycan tərəfi filmə maddi baxımdan heç bir yardım etməyəcək. Bütün xərclər İran tərəfindən ödənəcək.


Rejissor onu da qeyd edib ki, film Azərbaycan dilində çəkiləcək. Sonradan farscaya da dublyaj olunacaq və hər iki dildə yayımlanacaq. Lakin filmdə səslənən bütün musiqi parçaları Azərbaycan musiqiçiləri tərəfindən ifa olunacaq. Fars variantında isə o parçalar olduğu kimi saxlanılacaq. Film hazır olandan sonra onun xarici festivallara göndərilməsi də planlaşdırılır.


Tehranda Azərbaycan mədəniyyəti və incəsənəti mərkəzinə rəhbərlik edən Abdulla Əsədullayi isə qeyd edib ki, filmdə bəzi epizodlarda dəyişikliklər ediləcək: "Bu filmi çəkməkdə əsas məqsəd Üzeyir bəyi İranda tanıtmaqdır. İranda 75 milyona qədər əhali yaşayır. Onların heç bir faizi də Üzeyir Hacıbəylini tanımır".


Filmin bütün xərclərini İran tərəfi ödəyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə