Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin dəstəyi ilə keçirilən Mübariz İbrahimovun xatirəsinə həsr olunan Gənclərin I Ümumrespublika Teatr Festivalının final mərhələsinə start verilib. Gənc Tamaşaçılar Teatrında festivalın açılış mərasimi olub. SİA-nın məlumatına görə, mərasim Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb. Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev, millət vəkilləri, incəsənət xadimləri, Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının, QHT-in nümayəndələri iştirak edib.
Layihənin ideya müəllifi, millət vəkili Jalə Əliyeva bildirib ki, 4 bölgə - İsmayıllı, Ucar, Mingəçevir, Zaqatala və 8 paytaxt truppasının iştirak etdiyi festivala ümumilikdə 100-dən çox gənc qatılıb. İlkin mərhələdə 20-dən çox ssenari təqdim olunub ki, onlardan da 12-si seçilib. Millət vəkili festival çərçivəsində "Art-kamp" keçirildiyini də qeyd edib. "Art-kamp"da tanınmış sənət adamları gənclərə ustad dərsi deyib.
İntiqam Babayev və Vaqif Əliyev bu festivalın gənclərdə milli vətənpərvərlik ruhunun formalaşmasına kömək edəcəyini deyiblər. Çıxışlardan sonra festival tamaşalarının nümayişi başlayıb. Bu gün "Mənim düşmən oyuncağım", "Xocalı fəryadı", "Mələklərin laylası" və "O an bizim gözümüzlə" tamaşaları nümayiş olunub.
Digər tamaşaların nümayişi noyabrın 29 və 30-da baş tutacaq. Festival dekabrın 1-də qala konsertlə yekunlaşacaq. Həmin gün qaliblərin adları da açıqlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə