Humay Qədimova “Səndən nigaranam”a tarixi “Ramanı qalası”nda klip çəkdirdi - FOTOSESSİYA
Azərbaycanın simli alətlər üzrə tanınmış ifaçısı Humay Qədimova növbəti yeniliyə imza atıb. SİA-nın məlumatına görə, milli musiqi alətimiz olan tarın mahir ifaçısı olan Humay yeni klip çəkdirib. Bu dəfə Humay yerli radio dalğalarında səslənən və dinləyicilər tərəfindən bəyənilən bəstəkar Kamalın "Səndən nigaranam" mahnısını ekranlaşdırdı. Qeyd olunan mahnı ilk dəfə olaraq instrumental ifada tamaşaçıların ixtiyarına veriləcək. Bu zamana kimi xalq artisti Aygün Kazımova, əməkdar artist Aygün Bəylər və sevilən müğənni Nəsibə Abdullayevanın ifasında xatirələrə daldığımız bu musiqi, Humayın tarda ifası ilə insanlara xoş hisslər yaşadacaq. Bu mahnının sözləri şair Baba Vəziroğluna məxsusdur. Lakin Humay Qədimovanın ifası yalnız kompozisiyadan ibarətdir. "Səndən nigaranam" ilk dəfə olaraq sözsüz musiqisevərlərin ixtiyarına gələcək.
Klipin çəkilişləri ötən həftə baş tutub. Hazırda montaj prosesində olan musiqi nömrəsinin çəkilişləri XIV əsrə aid olan Ramanı kəndində yerləşən "Ramanı Qalası"nda və Bayıldakı 16 mərtəbəli binanın çardağında aparılıb. Qeyd etdiyimiz "Ramanı Qalası"nın girişində vaxtilə dahi Bülbül "Koroğlu" ariyasını ifa etmişdi. Onu da bildirmək yerinə düşər ki, bu klipin çəkilişləri zamanı tar ifaçısı öz həyatını sözün həqiqi mənasında təhlükəyə atıb. Gənc xamım ifaçı hər iki çəkiliş meydançasında möhkəm soyuğa tuş gəlib. Bununla yanaşı, Bayıldakı 16 mərtəbəli binanın çardağındakı çəkilişlər riskli anlarla yadda qalıb. Humay küləkli hava şəraitinə baxmayaraq, çoxlarının cürət etmədiyini bacarıb. O binanın kənarında əlində tar bu mahnını məhz klip üçün ifa edib.
Çəkiliş zamanı Humayın ifası altında şəhərimizdə dalğalanan üç rəngli Azərbaycan bayrağı, Xəzər dənizi özünəməxsus görünüb: "Bu məkanlar mənim üçün çox əzizdir. Ümid edirəm ki, çəkiliş müddətində qarşıladığım çətinliklər buna dəyəcək. Əsas istəyim bu musiqi nömrəsinin tamaşaçılar tərəfindən bəyənilməsidir. Uzun müddətdir hazırlıq mərhələsindəyik və nəhayət qismət bu günəymiş. Bu mahnı daha çox nisbətən pop üslubunda ifa olunub. Amma bu dəfə bu musiqinin başqa, tarda instrumental formasını lentə aldıq. Musiqisi çox hörmət etdiyim bəstəkar Kamala, sözləri sevimli şairimiz Baba Vəziroğluna məxsus olan bu mahnı artıq hamı tərəfindən sevilir. Arzulayıram ki, bu ifa da insanların ruhunu oxşasın. İnanıram ki, milli musiqi alətimiz olan tarın sarı simi buna nail olacaq. Yaradıcı heyətin hər birinə təşəkkür edirəm".
Klipin rejissoru Rüfət Nəzərli, operatoru Anar Məmmədov, SFX montaj Namiq Əlioğludur. Klipdə Humay Qədimovanın üslubu ilə stilist Anar Ağakişiyev məşğul olub. Stilist tar ifaçısını mahnının və məkanlara uyğun hazırlayıb. Tar ifaçısı klip ərzində iki uzun paltarla görünəcək. Rejissor Rüfət Nəzərli qeyd edib ki, klip çox maraqlı alınıb və bu ayın sonunadək artıq tam hazır olacaq. Humayın "Səndən nigaranam" klipində 2D və 3D effektləri də olacaq.
Rejissor bildirir ki, bu ekran işi rəng effektlərinə görə digər işlərdən fərqlənəcək. Klipin yerli televiziya kanallarında nümayişi nəzərdə tutulur.
Nəzərinizə çatdıraq ki, bu Humay Qədimovanın ikinci klipi hesab olunur. İfaçının ilk klipi İbrahim Tatlısəsin "Hadi-hadi" mahnısının instrumental versiyasına çəkilmişdi. Tarzən xanım həm Azərbaycan, həm də Türkiyədə solo-konsert proqramları ilə çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB