“Maestro. Özü və zaman haqqında” sənədli filmin təqdimatı keçirilib- FOTO

“Maestro. Özü və zaman haqqında” sənədli filmin təqdimatı keçirilib- FOTO
Səməd Vurğun adına Rus Dram Teatrında "Maestro. Özü və zaman haqqında" sənədli filminin təqdimatı keçirilib. SİA-nın məlumatına görə, film tanınmış Azərbaycan bəstəkarının, xalq artisti, Xəyyam Mirzəzadənin yaradıcılığına həsr olunub.


Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkənin müasir musiqi mədəniyyəti tarixində Xəyyam Mirzəzadənin böyük xidmətlərini qeyd edib: \"Vətənin yüksək mükafatına – "Şərəf" ordeninə layiq görülməsi münasibətilə onu təbrik edərək, sənətkara cansağlığı və uğurlar arzulayıb\".


\"Son illər Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə mədəniyyət xadimləri haqqında silsilə sənədli filmlər çəkilmişdir. "Maestro. Özü və dövrü haqqında" filminin ən tələbkar tamaşaçısı filmin qəhrəmanının özüdür. O, ekrandan tamaşaçı ilə özü və yaradıcılığı, müəllimləri, dostları, şagirdləri haqqında təəssüratlarını bölüşür\",- deyə nazir əlavə edib.


Xəyyam Mirzəzadə yüksək mükafata görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib: "Mən özümü xoşbəxt hesab edə bilərəm. Son illər əsərlərimin ikicildliyi, 6 diskdən ibarət məcmuə buraxılmışdır. İndi də "Şərəf" ordeni aldım. Belə şərəf hər adama nəsib olmur. Ümummilli lider Heydər Əliyevin mənə "Şöhrət" ordenini necə təqdim etdiyi yadımdadır. İkinci ordeni Prezident İlham Əliyevdən qəbul etdim. Mən görkəmli sənətkar Qara Qarayevin şagirdi olmuşam və nəhayət, ölkəmizin və gözəl paytaxtımızın necə çiçəkləndiyini görməyimə xoşbəxtəm. Bütün bunlara görə dövlətə və xalqımıza minnətdar olmalıyıq".


Film "Cinealliance" studiyası ilə birlikdə "Salnamə" kinostudsiyasında çəkilib. Ssenari müəllifi və rejissor Tofiq İsmayılov, operator Ziya Babayev, musiqi redaktoru Rauf Əliyevdir.

Bütün xəbərlər Facebook səhifəmizdə