Gənc xanəndə “Debütlərin Birliyi” beynəlxalq müsabiqəsinin laureatı seçilib
Moskvada "Debütlərin Birliyi" beynəlxalq müsabiqəsinin münsiflər heyətinin iclası keçirilib. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva məlumat verib.
Azərbaycanın nümayəndə heyətinin tərkibində Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin Qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli, Muzey sərvətləri və xatirə əşyalarının Elmi-bərpa mərkəzinin Təsviri sənət şöbəsinin müdiri Natiq Səfərov və AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi arxivinin müdiri İdris Əliyev iştirak edib.
Müstəqil Dövlətlər Birliyinin Tarix-mədəniyyət İli çərçivəsində MDB-yə üzv dövlətlərin maddi və qeyri-maddi mədəni irsinin qorunması və təbliğ edilməsi sahəsində gənc mütəxəssislər üçün nəzərdə tutulan "Debütlərin Birliyi" beynəlxalq müsabiqəsinin Reqlamentinə əsasən seçim aşağıdakı nominasiyalar üzrə aparılırdı:
- "Tədqiqat və kəşf";
- "Dirçəlmə və mühafizə";
- "Maarifləndirmə və populyarlaşdırma".
Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Ukrayna və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təmsilçilərindən təşkil edilən münsiflər heyəti hər nominasiya üzrə üç laureat və diplomantları müəyyən etməli idi.
Gərgin müzakirələrdən sonra Azərbaycanın gənc xanəndəsi Qoçaq Əsgərov "Debütlərin Birliyi" beynəlxalq müsabiqəsinin laureatı seçilib. Azərbaycanın digər təmsilçiləri Muzey sərvətləri və xatirə əşyalarının Elmi-bərpa mərkəzinin rəssam-restavratoru Sultan Sultanov və AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Zaur Orucov müsabiqənin diplomantları olub. Qaliblər Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun növbəti tədbirində təltif olunacaqlar.
Məlumat üçün bildirək ki, mükafat MDB-nin Humanitar Əməkdaşlıq Şurası və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən təsis edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB